Teatr studiyasının ilk səhnə nümunəsi alqışlarla qarşılandı

İyulun 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdində fəaliyyət göstərən teatr studiyası fəaliyyətinin yekunu olaraq hazırladığı “Banan qabığı”, yaxud “Qeyri-adi konsert” adlı kompozisiyanı təqdim etdi. İki saat davam edən tamaşa teatrsevərlərə əsl bayram əhvalı yaşatdı. Tamaşaçılar arasında Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, tanınmış teatr xadimləri var idi.

Tamaşadan əvvəl studiyanın bədii rəhbəri və rejissoru, tanınmış aktyor, Əməkdar artist Vidadi Həsənov çıxış edərək kollektivin fəaliyyəti haqqında məlumat verdi. Onun sözlərinə görə, bir ilə yaxın fəaliyyət göstərən studiyanın kollektivi Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunlarından, gənc aktyorlardan ibarətdir. Studiyaya fəaliyyətə başladığı ilk aylarda müraciət edənlərin sayı çox olsa da, hazırda burada 26 aktyor çalışır. Onlar sənəti sevən gənclərdir.
Rejissor qeyd etdi ki, aktyorun formalaşmasında ən vacib proseslərdən biri psixi-fiziki hazırlıqdır: “Biz studiyada 9 ay vaxtımızı buna həsr etdik. Yəni aktyorun aləti onun vücududur və hər bir sənətçi onu idarə etməyi bacarmalıdır. Bu gün təqdim edəcəyimiz tamaşada da bunu göstərməyə çalışmışıq”.
Beləliklə, tamaşa başladı. Çox sadə dekorasiyada gənc aktyorların oyunu, səlis səhnə hərəkətləri, mimika və jestləri ilk dəqiqələrdən tamaşaçıların alqışları ilə qarşılandı. Musiqi ilə bol olan kompozisiyada aktyorlar öz vokal bacarıqlarını da nümayiş etdirməyi unutmadılar. Dünya klassiklərinin əsərləri, müasir rəqslər və bir də sevgi...
Təqdim edilən kompozisiya ilə gənclərin milli teatr sənətimizə yeni nəfəs gətirdiklərini desək, yanılmarıq. Bu uğurda isə, təbii ki, onların müəllimlərinin xüsusi yeri var. Studiyanın rejissoru Vidadi Həsənovla yanaşı, Əməkdar artist Məmməd Səfa səhnə mədəniyyəti üzrə, Əməkdar artist Pərviz Məmmədrzayev plastika üzrə gəncləri böyük səhnəyə hazırlayır.
Teatrşünas, professor Məryəm Əlizadənin tamaşa haqqında fikirlərini öyrəndik. O, tamaşadan çox razı qaldığını bildirdi: “Azərbaycan teatr tarixi üçün yaddaqalan günlərdən birini yaşadıq. Biz dünya teatrlarında tamaşalara baxarkən hər zaman bizdə də belə bir tamaşanın, aktyor heyətinin olmasını arzulamışıq. Heyfsilənmişik ki, biz niyə öz teatrlarımızda belə tamaşaları görə bilmirik. Bu sual son zamanlarda bizi maraqlandırırdı. Amma artıq teatrımızda yeni, tamamilə müasir tamaşa və aktyor heyəti gördük. Bu bizi sevindirir. Artıq Azərbaycan teatr məktəbinə yeni və istedadlı heyət gəlir. Tamaşada hər şey vardı və aktyorlar əsl teatr dili, aktyor oyunu, gözəl zarafatları ilə sənətin yüksəkliyini göstərə bildilər. İstərdim ki, teatrlarda çalışan aktyorlarımız da bu tamaşanı görsünlər. Teatr tamaşaçını həm əyləndirməyi, həm də düşündürməyi bacarmalıdır. Studiyanın uğurunda teatrın rəhbərliyinin əməyini yüksək qiymətləndirirəm. Bu layihəni ərsəyə gətirənlərə dərin təşəkkürümü bildirirəm”.
Beləliklə, mövsümün sonunda Akademik Milli Dram Teatrı tamaşaçılara yaddaqalan səhnə nümunəsi nümayiş etdirdi. İnanırıq ki, studiyanın təqdim etdiyi “Banan qabığı”, yaxud “Qeyri-adi konsert” tamaşası yeni mövsümdə geniş tamaşaçı kütləsinə təqdim edilərək böyük uğur qazanacaq.

Lalə Azəri