Yeni mövsümdə teatrsevərləri maraqlı tamaşalar gözləyir

Azərbaycan teatrları daha bir mövsümü başa vurdular. Paytaxt teatrları ilə yanaşı, bölgə teatrları da mövsüm ərzində maraqlı səhnə əsərləriylə sənətsevərlərin rəğbətini qazanmağa, geniş tamaşaçı auditoriyası toplamağa çalışıblar. Həmin sənət ocaqlarının rəhbərlərinin yekunlaşan mövsüm və qarşıdakı planları barədə fikirlərini öyrəndik.

Şəki teatrının yenilikləri

Yüksək səviyyəli təmir-bərpadan sonra teatrsevərlərin ixtiyarına verilən Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili mövsümün kollektiv üçün uğurlu olduğunu bildirdi: “Mövsümün əsas səhnə əsərlərindən olan Xalq yazıçısı İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” pyesinin tamaşasını iyulun 18-də təhvil verəcəyik. Əsərə Əməkdar incəsənət xadimi, teatrımızın baş rejissoru Mirbala Səlimli quruluş verib. Məzuniyyətdən sonra Səməd Vurğunun “Vaqif” pyesi əsasında yeni tamaşanın məşqlərinə start verəcəyik. Əsəri Moskvada yaşayan həmyerlimiz, Azərbaycanın və Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor Mərdan Feyzullayev hazırlayacaq. Bu ilin noyabrında teatrımızın 4-5 tamaşa ilə Bakı şəhərinə qastrolu planlaşdırılır. İlin sonuna qədər isə teatrda türk yazarı Hidayət Sayanın "Davul səsi" pyesi hazırlanacaq”.
Direktorun sözlərinə görə, teatr yeni mövsümü sentyabrın 15-də Xose Eçeqarayın “Mahir aradüzəldənlər” tamaşası ilə açacaq.

Gəncə teatrında “Üç dəniz əfsanəsi”

Gəncə Dövlət Dram Teatrı üçün də mövsüm xeyli zəngin olub. Teatrın direktoru Əli Qasımov: “Bu il iki yeni tamaşanı hazırlayıb təhvil vermişik. Bunlardan biri yazıçı-dramaturq Marat Haqverdiyevin “Üç dəniz əfsanəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşadır. Bundan başqa, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə dövlət sifarişi ilə “Unuda bilmirəm” tamaşasını da hazırlamışıq. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa iyulun 19-da təqdim olunacaq və bununla da teatrımız mövsümü başa vuracaq”.
Direktor teatrın 120 illik yubileyinə də yüksək səviyyədə hazırlaşdıqlarını, yeni mövsümü sentyabrın 16-da “Unuda bilmirəm”lə açacaqlarını dedi.

Mingəçevir teatrının “Aylı gecə”si

Mingəçevir Dövlət Dram Teatrı iyulun 15-də Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili tamaşası ilə mövsümü bağlayıb. Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi tamaşa yerli sənətsevərlərin marağına səbəb olub. Sənət ocağında Xalq artisti Zülfüqar Abbasovun quruluşunda yazıçı Arif Mədətovun “Aylı gecə” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
Yeni tamaşalar barədə məlumat verən teatrın direktoru Səxavət Məmmədov repertuar planından kənar, daxili imkanlar hesabına Seyfəddin Dağlının “Oyun bitdi” tamaşasının da artıq yekunlaşmaq üzrə olduğunu dedi: “Teatrın truppa rəhbəri Elşən Məmmədovun bu tamaşası yeni mövsümdə təqdim olunacaq. Biz dəvətli rejissorlarla da işimizi davam etdirərək daha iki tamaşanı Əməkdar incəsənət xadimi Bəhram Osmanov və Əməkdar artist Loğman Kərimova həvalə etmişik. Onlar teatrımızda iki uşaq tamaşasına da quruluş verəcəklər”.
Sentyabrın 16-da mövsümü “Ər və arvad” komediyası ilə açacaqlarını deyən direktor “İnam” studiyasının fəaliyyətinə də toxundu: “Bu mövsüm biz əsas etibarilə qonşu rayonlara səfər etdik. Sentyabrda paytaxta üz tutmağı düşünürük. “İnam” studiyasında hazırlanan “Sehrli mağara” tamaşasında istedadlı gənclər rol alıblar. Bu maraqlı səhnə əsərini paytaxt tamaşaçılarına təqdim edəcəyik”.

Lənkəran teatrı mövsümü komediyalarla başa vurub

Cənub bölgəsinin teatr ünvanı olan Lənkəran Dövlət Dram Teatrında repertuar planına uyğun olaraq dövlət sifarişi ilə hazırlanan iki tamaşa təhvil verilib. E.Filipponun "Ruhlar" komediyası əsasında yeni tamaşaya ictimai baxış keçirilib. Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Tural Mustafayevdir. Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə kollektiv “Qəribə oğlan” komediyasını da tamaşaya hazırlayıb.
Teatrın direktoru Tofiq Heydərov qarşıdakı mövsümdə C.Cabbarlının “Solğun çiçəklər” və S.Şendilin “Qanlı Nigar” dramlarına quruluş verəcəklərini bildirdi. Hər iki tamaşa dəvətli rejissorlara həvalə olunacaq. Bundan başqa, uşaqlar üçün “Məlikməmməd” nağılı əsasında “Üç qardaş” adlı əsər də daxili imkanlar hesabına tamaşaya qoyulacaq.

Cəbhə xəttindən sənət uğurları

Cəbhə bölgəsində yerləşən Füzuli və Ağdam teatrları da repertuar planına uyğun olaraq tamaşalarını ərsəyə gətirməyə çalışırlar. Füzuli Dövlət Dram Teatrı mövsümdə iki yeni tamaşa təqdim edib. Seyfəddin Dağlının “Təzə gəlin” və Haşım bəy Vəzirovun “Döymə qapımı, döyərlər qapını” əsərləri artıq yerli sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Teatrın direktoru Vaqif Vəliyev qarşıdakı planlardan da söz açaraq dövlət sifarişi ilə Xalq yazıçısı İlyas Əfəndiyev “Unuda bilmirəm” əsərini hazırladıqlarını dedi: “Teatrımız Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə rayonun işğaldan azad olunmuş kəndlərində, yeni salınmış qəsəbələrdə "Sən həmişə bizimləsən” adlı silsilə tədbirlərlə çıxış edib. Ənənəvi olaraq rayonun idarə və müəssisələrində, orta məktəblərdə, hərbi hissələrdə tamaşa proqramı ilə çıxışlar etmişik. Yeni tamaşalarla bərabər repertuardan kənar Ş.Tofiqqızının “Taleyin bir üzü” tamaşası Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində rayon ictimaiyyətinə təqdim olunub”.
Teatr iyulun 15-də mövsümü “Döymə qapımı, döyərlər qapını” tamaşası ilə başa vurub.
Ağdam Dövlət Dram Teatrı da yeni planlar üzərində çalışmaqdadır. Teatr mövsümü Xalq artisti Vaqif Şərifovun quruluşunda “Lənkəran xanının vəziri” tamaşası ilə bağlayıb. Direktor Fəxrəddin Hacıyev bildirdi ki, kollektiv Bərdə, Tərtər və Ağcabədi rayonlarında çıxış edib. Onun sözlərinə görə, teatr mövsümü yazıçı-dramaturq İsi Məlikzadənin “Gəl, qohum olaq” pyesi əsasında hazırlanmış tamaşa ilə açacaq. Tamaşaya Xalq artisti Valeh Kərimov quruluş verib.
Fəaliyyət göstərdiyi müddətdə heç bir xarici ölkədə qastrolda olmayan Ağdam teatrının bu il ilk dəfə qardaş Türkiyəyə səfəri gözlənilir.

Qazax teatrında yeni tamaşalar

Qazax Dövlət Dram Teatrı mövsümə iyulun 14-də Xalq artisti Zülfüqar Abbasovun quruluşunda Əli Əmirlinin “Kişi və qadın” tamaşasının premyerası ilə yekun vurub. Teatrın direktoru Saqif İskəndərov bildirdi ki, sentyabrda Əməkdar artist Vidadi Əliyevin quruluşunda Ə.Haqverdiyevin “Kimdir müqəssir?” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə izləyicilərin görüşünə gələcəklər. Kollektiv sentyabr-oktyabr aylarında Bakı və Gəncə şəhərlərində qastrol səfərlərində olacaq. Bundan əlavə, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” (rejissor Musa Eyyubov) və Elçin Hüseynbəylinin “İmperator” (rejissor Əhməd Əhmədov) əsərləri də teatrsevərlərə təqdim ediləcək.

Qusar teatrında “Hacı Qara” və “Buba”

Qusar Dövlət Ləzgi Dram Teatrı bu il Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planında olan 4 tamaşadan 2-ni hazırlayıb. Bunlar A.Mehmanın “Şurşurali” və M.Əlizadənin “Fırıldaqçılar” tamaşalarıdır. Hazırda teatrda M.F.Axundzadənin “Hacı Qara” və Ə.Sturvinin “Buba” əsərlərinin son məşqləri aparılır. Teatrın direktoru Faiq Qardaşov teatrın təkcə repertuar planına salınmış əsərləri oynamaqla işini bitmiş hesab etmədiyini və dövlətin təsdiq etdiyi bütün bayram və rəsmi tədbirlərində yaxından iştirak etdiyini vurğuladı. Bundan başqa, martın 10-da Milli Teatr Gününə həsr olunmuş “Yaşadan, yaradan teatr” adlı musiqili kompozisiya ilə yerli tamaşaçıları sevindirdiklərini də dedi.

Həmidə Nizamiqızı