Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının muxtar respublika festivalı keçirilir. Festivalın açılış mərasimində çıxış edən muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov bildirib ki, xalq teatrlarının və dram dərnəklərinin işinin səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılmasında belə tədbirlər böyük əhəmiyyət kəsb edir.
Festival Rza Təhmasib adına Şərur rayon xalq teatrının yazıçı-dramaturq Cahangir Aslanoğlunun “Qısqanc ər” əsəri əsasında hazırladığı eyniadlı tamaşa ilə açılıb. İyulun 25-də Şahbuz rayon xalq teatrının Zülfüqar Hacıbəyovun “Evliykən subay”, avqustun 5-də isə Babək rayon xalq teatrının Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırladıqları eyniadlı tamaşalar nümayiş etdiriləcək.