Başa çatan teatr mövsümündə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı yeni səhnə əsərləri ilə sənətsevərlərin görüşünə gəldi. Yazıçı-dramaturq Marat Haqverdiyevin əsəri əsasında hazırlanan “Üç dəniz əfsanəsi” adlı tamaşa Azərbaycanın neft strategiyasından, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallaşması zamanı baş verən hadisələrdən bəhs edir.

Tamaşada xroniki sənədli film canlı aktyor oyunu ilə sintez edilib. Bu da səhnə əsərinin daha canlı və obrazlı şəkildə tamaşaçıya çatdırılmasına imkan verir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Ramiz Vəliyev, quruluşçu rəssamı Vahab Cəfərov, video və musiqi tərtibatçısı Yusif Cəfərovdur.
İyulun 21-də 76 yaşını qeyd edən Marat Haqverdiyevlə söhbətimizdə yeni səhnə əsəri ilə yanaşı, yaradıcılığının digər səhifələrinə də nəzər saldıq.
70-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyevin ilk dram əsəri “Ailədə məhkəmə” komediyasıdır. Lənkəran Dram Teatrında səhnələşdirilən əsərin ayağı sayalı olur, müəllifin “Fədakarlıq”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və başqa pyesləri ard-arda müxtəlif teatrlarda tamaşaya qoyulur. “Üç dəniz əfsanəsi” də müəllifin uğurlu və müasir tariximizlə səsləşən əsərlərindən biridir.
Əsərin yaranma tarixindən söz açan dramaturq bildirdi ki, ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Prezident İlham Əliyevin xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə gördükləri işlər, həyata keçirilən irimiqyaslı layihələr mədəniyyət sahəsində də geniş şəkildə işıqlandırılmalıdır. “Mənim yaradıcılığımın böyük bir hissəsi ulu öndərimizlə bağlıdır”, - deyən ədib 1993-cü ildə yazdığı “Qarabağ şikəstəsi” ssenarisində böyük siyasətçinin Azərbaycanın ağır günlərində hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Ssenari əsasında rejissor Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib. Müəllifin ümummilli liderin əziz xatirəsinə həsr etdiyi “Fədakarlıq” əsəri Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnələşdirilib, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilib: “Bu əsəri yazmağa məni vadar edən ümummilli lider Heydər Əliyevin bəşəriyyətin “ağ ölüm”ü adlandırılan narkomaniya və narkobiznesə qarşı amansız mübarizəyə qarşı çağırışı olub”. Əsərdə bu dəhşətli bəlaya düçar olanların acınacaqlı taleyindən, ölkəmizdə bununla bağlı aparılan mübarizədən bəhs olunur.
Yazıçı-dramaturq “Üç dəniz əfsanəsi” əsərini yaradıcılığının zirvəsi adlandırır: “Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunan, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən bu pyesin yaradıcılığımda xüsusi yeri var. Üçüncü dəfə dahi şəxsiyyət Heydər Əliyevlə bağlı mövzuya müraciət etməyimin səbəbi odur ki, ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi ölkəmizin tarixində misli görünməmiş nailiyyət idi. Ona görə də bu layihənin tarixi-siyasi qiymətini nəzərə alaraq, bədii həllini verməyə çalışdım. Etiraf edirəm ki, heç bir əsər üzərində bu qədər işləməmişəm. “Üç dəniz əfsanəsi” dramını beş ilə yazmışam. Bu layihənin reallaşması respublikamızın hərtərəfli inkişafı, beynəlxalq arenada nüfuz və mövqeyimizin möhkəmlənməsi deməkdir. Layihə Azərbaycan-Türkiyə-Gürcüstan dostluq və əməkdaşlığının möhkəm təməlini təşkil edir”.
Müəllif əsəri qələmə alarkən layihənin həyata keçirilməsi ilə bağlı bütün rəsmi sənədlərlə və tarixi faktlarla yaxından tanış olduğunu bildirdi: “O zamanlar istər ölkə daxilində, istərsə də xaricdə layihənin əleyhdarları, müxtəlif ölkələrdən gələn təhlükə və təxribatlar var idi. Belə çətin və mürəkkəb bir dövrdə ulu öndərimiz geri çəkilmədi, qüdrətli şəxsiyyət kimi bu layihənin düşmənlərinə qarşı çıxdı. Mən çox şadam ki, neft kəmərinin uğurla başa çatdırılması Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində gerçəkləşdi. Bu səbəbdən də ölkəmizin tarixində xüsusi yeri olan bu nailiyyət məni ruhlandırdı. Bu ruh yüksəkliyinin nəticəsi olaraq ulu öndərin əziz xatirəsinə həsr etdiyim “Üç dəniz əfsanəsi” dramını və eyniadlı bədii televiziya filmi üçün ssenarini yazdım. Əsərin səhnə həllindən razıyam. Onu da qeyd edim ki, bu əsər ərsəyə gəldiyi müddətdə bir çox instansiyalar tərəfindən oxundu. Faktların dəqiqliyi və digər nüansların həqiqətə, tarixi faktlara söykənməsi əsas amillərdən biri idi”.
Dramaturqun sözlərinə görə, müasir tariximizlə bağlı hadisələr ədəbiyyat və incəsənətdə əksini tapmalıdır: “Rəsmi sənədlərlə yanaşı, tarixi həqiqətlərimiz səhnə əsərlərində, rəssamlıqda, ədəbiyyatda təcəssümünü tapmalı, təbliğ edilməlidir. Xüsusən də Qarabağ mövzusu ön planda olmalıdır. Hazırda iki əsər üzərində işləyirəm. İnanıram ki, bu əsərlər də tamaşaçıların ürəyinə yol tapacaq”.

Lalə Azəri