Dünya teatrları


Dünya teatr sənətinin inkişafını istiqamətləndirən səciyyəvi teatrlar mövcuddur. Teatrın ən müxtəlif istiqamətlərində fərqli janrları təbliğ edən bu sənət ocaqları arasında E.S.Demmeni adına Sankt-Peterburq Marionet Teatrının xüsusi yeri var.

Rusiyanın ilk professional kukla teatrı olan bu sənət ocağı 1918-ci ildə Lyubov Vasilyevna Şaporina-Yakovlevanın rəhbərliyi ilə bir qrup rəssam tərəfindən yaradılıb. Əvvəlcə Petroqrad Dövlət Marionet Teatrı adlandırılıb. Pərdələri ilk dəfə 12 aprel 1919-cu ildə qaldırılan teatr bu günədək Rusiyanın yeganə ipli kukla teatrıdır.
Rusiyada marionet teatrın tarixi isə XVIII əsrə gedib çıxır. Həmin vaxtlar daha tez-tez Avropadan Rusiyaya belə teatr qrupları gəlirdi. XIX əsrdə isə Rusiyada balaqanlarda (səyyar küçə tamaşaları) ənənəvi petruşkalarla birgə marionetkalar görünməyə başlayırlar. XX əsrin əvvəli Rusiyada ədəbiyyatın və incəsənətin “gümüş əsr”i idi. Tanınmış şair və teatr mütəxəssisi Andrey Belıy kuklalarla birlikdə qədim mərasimləri canlandırmaq arzusuna düşür. Buna cavab olaraq Yuliya Slonimskaya və Pyotr Sazanov XVII əsr fransız balaqan pyesini - “Eşqin gücü və cadugər”i quruluş vermək üçün seçirlər. İlk tamaşanın məşqləri Aleksadr Qauşanın malikanəsində gedir. Seyrçilər arasında Yevgeni Demmeni də olur. Nəticədə o, özünün Petruşka teatrını yaradır, Qauş isə onun ilk rəssamı olur. 1930-cu ildə Petruşka teatrı Şaporina-Yakovlevanın Marionet teatrı ilə birləşir və Yevgeni Demmeninin rəhbərliyi ilə Leninqrad Dövlət Kukla Teatrı adlanır.
Kukla teatrının yaradıcılarından biri, məşhur aktyor və rejissor Yevgeni Demmeni teatrı yarım əsr idarə edir. O, teatr tarixinə yazılacaq unikal və təkrarolunmaz işlər görür. Məşhur müəlliflər Yevgeni Şvarts və Samuel Marşak da ilk pyeslərini məhz bu teatr üçün yazıblar. Teatrda indiyədək 250-dən çox tamaşa səhnələşdirilib. Servantesin, Şekspirin, Molyerin, Sviftin, Puşkinin, Qoqolun, Çexovun, Meterlinqin əsərləri ilk dəfə marionet kuklaların ifasında burada səhnəyə qoyulub. Teatrın kollektivi 20-ci illərdə Rusiya və Avropa tarixində ilk kukla kinofilmində - “Maks və Moris“də də iştirak ediblər. 1939-cu ildə Q.Saksın “Məktəbli cənnəti” əsəri əsasında ölkədə ilk televiziya kukla filmi çəkilir.
Bu teatr həm də rejissor sənəti məbədlərindən sayılmalıdır. Çünki 1927-ci ildə onun bazasında SSRİ-də ilk professional rejissor hazırlığı, kukla teatrı üçün aktyor və rəssam hazırlığı kursları açılıb.
Böyük Vətən müharibəsi başlayanda vətənpərvərlik, qəhrəmanlıq ideyalarını təbliğ edən teatrın kollektivi 1942-ci il yanvarın sonunda işini dayandırır. Daha sonra kuklaçılar cəbhəyə göndərilirlər. S.Marşakın yazdığı “Gənc Frits” pamfleti ilə aktyorlar 650 dəfə əsgərlər qarşısında çıxış edirlər. Cəbhədə sənət və həyat savaşı edən aktyorların heç biri sonradan teatra geri dönə bilmir; ya həlak, ya da əlil olurlar. Lakin bu qocaman teatr rəhbərini sarsıtmır və o, yenidən truppa formalaşdırır.
Yeni heyət kollektivin uğurlarını daha da artırır. Y.S.Demmeninin rəhbərliyi ilə Marionet Teatrı bu sənət sahəsinin inkişafına böyük təsir göstərir. Onun iştirakı ilə Nijni Novqorod, Xarkov, Odessa, Tiflis və digər şəhərlərdə belə teatrlar açılır. Teatrın kuklaları Paris, Varşava, Buxara kimi şəhərlərdə beynəlxalq sərgilərdə eksperiment kimi göstərilir. M.Artyuxovun “Məktəbli cənnətdə“ tamaşasındakı kuklaları Brüsseldə 7-ci dünya sərgisində gümüş medalla təltif olunur.
20-ci illərdən etibarən teatrda saysız kuklalar hazırlanıb. Bu gün teatrda mindən çox qiymətsiz marionet nümunələri saxlanılır. Hazırda teatrın repertuarında rus və Qərb müəlliflərinin əsərləri əsasında 15 səhnə nümunəsi var. Teatr ildə 330 tamaşa göstərir. Yarandığı ildən teatr dörd nəsil tamaşaçı yetişdirib və onlar bura artıq öz nəvələrini gətirirlər.

Hazırladı: H.Nizamiqızı