Festival unudulmaz aktyor, Xalq artisti Lütfəli Abdullayevin 100 illiyinə həsr olunur

Azərbaycan hər il müxtəlif beynəlxalq tədbirlərə - festivallara, sərgilərə, forumlara ev sahibliyi edir. Bu tədbirlər paytaxt Bakı ilə yanaşı, respublikamızın digər şəhərlərində də təşkil olunur.

Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına hər il müxtəlif ölkələrdən musiqiçilər, eləcə də sənətsevərlər, turistlər gəlir. Son illər qədim Şəki şəhəri də beynəlxalq festivalların məkanı kimi tanınmağa başlayıb. 2010-cu ildən burada ənənəvi olaraq “İpək Yolu” musiqi festivalı keçirilir. Bu ilin iyulunda Şəkidə ilk dəfə beynəlxalq şirniyyat festivalı təşkil olunub.
Yaxın günlərdə bu sıraya daha bir beynəlxalq mədəniyyət tədbiri əlavə olunacaq.
10-19 sentyabr tarixində I Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sənət bayramı görkəmli gülüş ustası, unudulmaz aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illiyinə həsr olunur.
Tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq reallaşacaq. Milli teatr sənətinin inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramında teatr əlaqələrinin inkişafını təmin etmək məqsədilə respublika və beynəlxalq səviyyəli festivalların, elmi-praktik konfransların və s. keçirilməsi nəzərdə tutulub.
Sentyabrın 10-da Şəkidə beynəlxalq festivalla bərabər 142-ci milli teatr mövsümünün rəsmi açılış mərasimi də keçiriləcək.
Festival günlərində ölkəmizin 10 teatrı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dram Teatrı, Lənkəran Dram Teatrı, Qax Dövlət Kukla Teatrı 11 tamaşa ilə çıxış edəcək. Tamaşalar Şəki Dövlət Dram Teatrında və “Yay teatrı”nda oynanılacaq.
Festivalda həmçinin qonşu ölkələrdən teatr kollektivlərinin iştirakı planlaşdırılır. Hazırda bununla bağlı danışıqlar aparılır.
Şəki Beynəlxalq Teatr Festivalının ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulur.