Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tamaşaçılarının görüşünə sentyabrın 18-də “Qarabağnamə” tamaşası ilə gələcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv artıq bir neçə ildir ki, yeni mövsümü görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açır.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Əsas rolları xalq artistləri İlham Əsgərov, Firəngiz Mütəllimova, Əməkdar artist Məsmə Aslanqızı, Vəfa Zeynalova və başqaları ifa edir.