Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin artistləri Almaniyaya səfərdən qayıdıblar. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, avqustun 7-dən 12-dək davam edən səfər uğurla başa çatıb. Teatrın simfonik orkestri Avropanın ən mötəbər musiqi tədbirlərindən olan Bavariya Opera Sənəti Festivalına qatılıb. Kollektiv avqustun 11-də festivalın final konsertində çıxış edib.
Festivalda dünya şöhrətli musiqiçilər iştirak edib, konsertin proqramına məşhur bəstəkarlardan C.Verdi, C.Puççini, V.Motsart, C.Bize və başqalarının əsərləri daxil edilib.
Qala-konserti festivalın baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib. Simfonik orkestrimiz dirijor, Xalq artisti Cavanşir Cəfərovun idarəsi ilə Azərbaycan bəstəkarları F.Əmirov və Q.Qarayevin əsərlərini səsləndirib.