Son illər paytaxt Bakı ilə yanaşı, ölkəmizin regionları da müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinə, festival və sərgilərə ev sahibliyi edir. Bu sırada qədim Şəki şəhəri festivallar məkanı kimi tanınmağa başlayıb.

2010-cu ildən burada ənənəvi olaraq “İpək Yolu” musiqi festivalı keçirilir. Bu ilin iyulunda Şəkidə ilk dəfə beynəlxalq şirniyyat festivalı təşkil olunub. Yaxın günlərdə bu sıraya daha bir beynəlxalq mədəniyyət tədbiri əlavə olunacaq.
10-19 sentyabr tarixində I Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi sənət bayramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq reallaşacaq. Milli teatr sənətinin inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramında teatr əlaqələrinin inkişafını təmin etmək məqsədilə respublika və beynəlxalq səviyyəli festivalların, elmi-praktik konfransların və s. keçirilməsi nəzərdə tutulub.
Festivalda ölkəmizin 12 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı öz tamaşaları ilə çıxış edəcək. Festivalda həmçinin Kalmıkiya Milli Dram Teatrının (Rusiya) kollektivi iştirak edəcək.
Tamaşalar Şəki Dövlət Dram Teatrında və şəhərdəki “Yay teatrı”nda oynanılacaq.
Festival çərçivəsində, sentyabrın 19-da görkəmli gülüş ustası, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin yubileyinin keçirilməsi və büstünün açılışı planlaşdırılır. Tədbir Azərbaycan Respublikası Prezidentinin «Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında» 13 fevral 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar keçiriləcək.
Festivalla əlaqədar sentyabrın 10-da saat 16.00-da Şəki Dövlət Dram Teatrında media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Sentyabrın 10-da Şəkidə beynəlxalq festivalla bərabər Azərbaycan milli teatrının 142-ci mövsümünün rəsmi açılış mərasimi də olacaq.
Şəki Beynəlxalq Teatr Festivalının ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulur.