Bakı Uşaq Teatrının əməkdaşı, ssenarist Arzu Soltan mədəniyyət sahəsində idarəetmə üzrə Vişeqrad Akademiyasının (The Visegrad Academy of Cultural Management - VACuM) açılış tədbirinə qatılacaq. Uzunmüddətli təlim layihəsinə “Vişeqrad dördlüyü” ölkələri (Polşa, Çexiya, Macarıstan, Slovakiya) və Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrində bu sahədə çalışan mütəxəssislər dəvət olunub.
Proqram mədəniyyət siyasəti və idarəetmə sahəsində bilik və bacarıqların, eləcə də professional imkanların və idarəetmə bacarıqlarının inkişafına yönəlib. Məqsəd həmçinin iştirakçının öz ölkəsində islahat proseslərinin hazırlanmasında fəal rol oynamağa, yenilikçi və səmərəli üsullardan istifadə etməyə cəlb etməkdir. Layihə Avropa mədəni mübadilə şəbəkələrinin genişlənməsinə xidmət etməyi hədəf götürüb. Arzu Soltan tədbirdə Bakı Uşaq Teatrının həyata keçirdiyi layihələrlə bağlı təqdimatla çıxış edəcək, maraqlı ideyalar və yeni əməkdaşlıq təklifləri ilə bağlı danışıqlar aparacaq.