Yeni mövsümün həyəcanını yaşayan sənət ocaqlarımız arasında Naxçıvan Muxtar Respublikasının teatrları da var. Qocaman sənət ocağı - Naxçıvan Dövlət Musiqili Dram Teatrı və balacaların sevimli ünvanına çevrilən Naxçıvan Dövlət Kukla Teatrı yeni repertuar və səhnə nümunələri ilə qapılarını tamaşaçıların üzünə açmağa hazırlaşır.

Zəngin teatr ənənələri

Bu barədə qəzetimizə açıqlama verən hər iki teatrın direktoru sənət yeniliklərini, repertuar planlarını bizimlə bölüşdülər.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev Naxçıvan tamaşaçılarının teatra isti münasibətindən danışdı: “Son illəri əhatə edən müşahidələrimə əsaslanıb deyirəm ki, teatra tamaşaçı marağı və tələbkarlığı artıb. Onu da qeyd edim ki, naxçıvanlı teatrsevərlər tarixi və dram əsərlərinə daha çox meyllidirlər. Sənət ocağının musiqili teatr olmasını nəzərə alıb rəngarənglik edir, komik janrlı nümunələrə də yer veririk. Ümumiyyətlə, repertuar zənginliyi üçün istər Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir dramaturqların seçkin əsərlərini səhnəyə gətiririk”.
Teatrın rəhbəri repertuar siyasəti və tamaşa bölgüsünə də aydınlıq gətirdi: “Teatrımızın adı musiqili olsa da, son illər bu janrlı əsərlərə az yer verilib. Səhnəyə qoyulan nümunələrə də əsasən yerli rejissorlar quruluş verib. Teatrın baş rejissoru, Xalq artisti Kamran Quliyev, teatrın aktyoru, Xalq artisti Rövşən Hüseynov, eləcə də əvvəllər teatrda işləmiş aktyor Tofiq Seyidovun ərsəyə gətirdiyi tamaşalar maraqla qarşılanır. Biz ildə sadəcə bir komediya janrlı əsər hazırlaya bilirik. Bunların arasında A.Çexovun vodevilləri əsasında hazırlanan “Russayağı evlənmə” və M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasını qeyd edə bilərəm. Hər iki tamaşa maraqla qarşılanıb”.
Direktor teatrın daxili imkanları və dövlət sifarişi ilə il ərzində 4 tamaşa hazırladıqlarını, bu səhnə əsərlərinin yerli rejissorlara həvalə olunduğunu bildirdi, teatrlar arasında yaradıcı mübadilənin zəif olduğunu dedi.
Yaradıcı heyət, aktyor potensialı barədə danışan direktor kadr problemini də yerli həvəskarlar və teatrın nəzdində fəaliyyət göstərən teatr studiyası üzvləri ilə həll etməyə çalışdıqlarını bildirdi: “Artıq beş ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində aktyorluq fakültəsi fəaliyyət göstərir. Biz həmin fakültənin məzunlarının potensialından istifadə edirik. Eləcə də studiyamızı uğurla başa vuran dörd istedadlı gənc artıq teatrın aktyor ştatında qərarlaşıb. Hazırda teatrda 25 nəfər aktyor çalışır. Kollektivimiz dəfələrlə Türkiyənin müxtəlif şəhərlərində çıxışlar edib”.
Ötən mövsümü Kamran Quliyevin quruluşunda “Kuklalar evi” tamaşası ilə bağladıqlarını deyən müəssisə rəhbəri yeni mövsümü də bu tamaşa ilə açacaqlarını bildirdi: “Bundan başqa tamaşaçılara M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında hazırlanan yeni nümunəni təqdim edəcəyik. Noyabrın əvvəllərində yazıçı-publisist Taleh Həmidin “Yəhya və Dilqəm” əsərini hazırlayıb təhvil verəcəyik”.

Balacalara teatr sovqatı

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında isə həm mövsüm, həm də yubiley həyəcanı yaşanır. Teatrın direktoru, Xalq artisti Yasəmən Ramazanova 1989-cu ildə yaranan sənət ocağının fəaliyyəti və uğurları barədə danışdı: “Bu il teatrımızın 25 yaşı tamam olur. Bu il həm də görkəmli maarifçi, şair M.T.Sidqinin 160 illik yubileyidir. Hər iki tarixlə bağlı muxtar respublika rəhbərliyi sərəncam imzalayıb. Düşünürəm ki, yubileylər yüksək səviyyədə qeyd olunacaq. Teatrımız keçən dövr ərzində bir gün də olsun fəaliyyətini dayandırmayıb, ən çətin şəraitdə də balalarımızın qarşısına çıxa bilib. Teatrımızda klassik yazıçı və şairlərlə yanaşı, müasir ədiblərin də yaradıcılığına yer ayrılır, yerli yazarların ədəbi nümunələri də uğurla səhnələşdirilib”.
Teatr qonşu Türkiyədə, İranda, habelə Tacikistanda keçirilən festivallarda iştirak edib: “Kollektivimiz üç dəfə Tacikistanın paytaxtı Düşənbədə reallaşan “Kuklaların fantaziyası” adlı festivalda iştirak edib. Həmin tədbirə biz daha çox klassik nümunələrimizi aparmağa üstünlük veririk. Son olaraq bu ilin aprelində iştirak etdiyimiz festivala dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını aparmışdıq. Marionet formasında hazırlanan tamaşa maraqla qarşılandı. Ümumiyyətlə, bizim teatrda bütün kukla oyun növləri üzrə tamaşalar hazırlanır. Bu sıraya maskalarla, marionet, masaüstü, eləcə də kölgə oyun üsullarından yararlanaraq sintez tamaşalar da daxildir. Təbii ki, bu rəngarənglik tamaşanı baxımlı etməklə yanaşı, teatrın texniki və oyun imkanlarını da bariz göstərə bilir.
Ona görə də teatrımız daim çalışır ki, müasir formalardan istifadə ilə tamaşaçını yaxşı mənada təəccübləndirən tamaşalar hazırlasın”.
Muxtar respublikanın kənd və qəsəbələrində səyyar tamaşalar da göstərdiklərini deyən direktor ildə iki dəfə - yazda və payızda qastrollar səfərlərinə çıxdıqlarını bildirdi: “Məktəblilərin dərs qrafikini nəzərə alaraq tamaşa yükünü istirahət günlərinə salırıq. Teatr olaraq təkcə uşaqlar üçün deyil, bütün yaş qruplarını əhatə edən mövzularda əsərlərə müraciət etməyə çalışırıq”.
Yasəmən Ramazanova yeni mövsümdə səhnə həyatı yaşayacaq nümunələrdən söz açdı: “Balacalar üçün yerli yazar Zaur Vedilinin Azərbaycan xalq nağıl personajı olan Təpəgöz haqqında bir pyesini nağıl-tamaşa formasında hazırlayırıq. Eləcə də Feruz Məmmədovun “Meşədə döyüş” və Əli Səmədlinin “Meşədə konsert” tamaşalarını balaca teatrsevərlərə təqdim edəcəyik. Eyni zamanda Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşasını da stolüstü tamaşa formasında hazırlamışıq. Onu da deyim ki, bu tamaşalar teatr binasının təmirindən öncə təhvil verilmişdi. Yeni mövsümə yeni təmirdən çıxan binada davam edəcəyik”.

Həmidə Nizamiqızı