I Şəki Beynəlxalq Teatr Festivalının tamaşaları barədə qeydlər

 I yazı 

Sənətsevərlər artıq bir həftədir ki, I Şəki Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən tamaşaları seyr edirlər. Festival sözü mənasına görə bayram deməkdir. Bəlkə də bu, tamaşaçı salonundan baxanda bayram kimi görünür. Amma çıxış edən kollektivlər üçün teatr festivalı bayramdan daha çox yaradıcılıq hesabatıdır. Elə isə bu hesabatı incələmək gərək.

Vüsal cəhənnəmə qalarsa...

Sentyabrın 10-da festivalın açılış törənindən dərhal sonra ev sahibi - Şəki Dövlət Dram Teatrı repertuarındakı son tamaşalarından birini, Xalq yazıçısı İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsini oynadı. Görkəmli dramaturqun məşhur əsərinin festivalda oynanılması tam yerinə düşür. Birincisi, ona görə ki, əsərin baş qəhrəmanı aktyordur, onun yaşadığı faciənin kökündə teatra, sənətə vicdanlı münasibət durur. İkincisi, deməliyəm ki, İlyas Əfəndiyevin bu pyesinin premyerasından bəri bir neçə quruluşda tamaşaya baxmışam. Şəki teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşu daha lakonik, daha kreativ olub, pyesin şəkilbəşəkil kor-koranə səhnəyə gətirilməsi deyil. Rejissorun Ayaz Turan ilə Xumarın toy səhnəsinə əlavə etdiyi aşıqların çıxışı dövrün siyasi mənzərəsinin açılmasına çox gözəl bir ştrix kimi yadda qalır.
Təbii ki, tamaşanın bədii tərtibatı da rejissorun fikrini gözəl tamamlayırdı: səhnədə qoyulmuş dəmir məhəccərlər daha çox dəmir barmaqlıq assosiasiyası yaradırsa, taybatay açıq dəmir qapının üstündə yarıdan bölünmüş sovet gerbi bu dünyada yaradılmış siyasi cəhənnəmin nə zamansa bitəcəyinə işarə kimi qavranılır. Aktyorların ilhamlı oyunu, xüsusilə də Rəhim Qocayevin (Ayaz Turan), Çinarə Səmədovanın (Xumar), Əməkdar artist Əbülfət Salahovun (Cabbar) və Xanlar Həşimzadənin (Mircəfər Bağırov) ifası diqqəti cəlb edir.

Elistadan qopan «Mən aktrisayam!» harayı

Maraqlıdır ki, B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrının Şəki festivalına gətirdiyi «Mən aktrisayam!» tamaşası da «Sevgililərin cəhənnəmdə vüsalı»nın məntiqi davamı idi. Əgər birinci tamaşanın baş qəhrəmanı Ayaz Turan repressiya qurbanlarının ümumiləşdirilmiş obrazı idisə, «Mən aktrisayam!» tamaşası kalmık teatrının yaradıcılarından olan, sürgün, övlad itkisi yaşayan aktrisa və müğənni Ulan Lijiyevanın həyatından bəhs edir.
Teatrın bədii rəhbəri Boris Manciyevin müəllifi olduğu bu tamaşada səhnə cəmi üç qadının ixtiyarındadır. Onlardan biri - Valentina Serqunova səhnənin bir ucunda qoyulmuş fortepianoda aktrisaların canlı oxuduqları mahnıları müşayiət edir. İki aktrisa - Kalmıkiyanın Xalq artisti Lübov Lazarova və onun gənclik çağlarını canlandıran Delgir Kankayeva səhnədəcə roldan-rola girir, kalmık xalqının başına gətirilən faciələri çatdırırdılar.
Sanki festivalın leytmotivinə çevrilmiş “fərdlərin taleyi dövrün gərdişindən asılıdır” məntiqi növbəti gün də davam etdi.

Tale yazısını pozan «Müharibə»

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdimatında İsveç dramaturqu L.Nurenin «Müharibə» (sonradan tamaşanın adı afişalarda «Qızlar, mən gəldim» kimi yazılsa da, onu ilk nümayişlərdən görənlər elə «Müharibə» kimi yadda saxlayıblar) tamaşası 20 ildən bəri atəşkəs rejimində yaşasa da, hələ də əsirlikdə qalan soydaş taleyindən nigaran Azərbaycan tamaşaçısı üçün aktualdır. Hərb meydanına çevrilmiş bölgədəki insanların taleyinə vurulan zərbə, baş-ayaq çevrilən əxlaq dəyərləri fonunda bir qarın ac, bir qarın tox, psixoloji sarsıntı və səfalət içində yaşamağın nə demək olduğunu çılpaqlıqla göstərən «Müharibə» pyesi, şəksiz ki, quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun, əsas rolları ifa edən əməkdar artistlər Qurban İsmayılovla Kəmalə Hüseynovanın sənət uğuru, bir sıra filmlərdə oynadığı rollar ilə yadda qalmış aktyor Rasim Cəfərin teatrda özünütəsdiqidir. Gənc aktrisalar Nigar Məmmədova və Roza İbadova isə mükəmməl ifa sərgiləməklə onları öz tamaşasında, filmində görmək istəyən rejissorları çətin vəziyyətə salırlar: yəni, biz hər cür çətin rolun öhdəsindən gəlməyi bacarırıq. İnanmırsınızsa, «Müharibə»yə baxın.
Yeri gəlmişkən, baxanlar barədə.
Tamaşa gedərkən alaqaranlıq salonda yanımda əyləşmiş ortayaşlı xanımlara gözucu diqqət yetirirdim. Onların kövrəlməsi, səhnədə göstərilən arzuolunmaz qadın talelərinə anlayışlı münasibəti sübuta yetirirdi ki, «Müharibə» öz məqsədinə çatıb.
Tamaşa bitəndən sonra aktrisalar ilə yadigar şəkil çəkdirmək üçün gənc şəkili xanımların səhnə arxasına keçmək istəyi isə teatr sənətçilərinin şou-biznes nümayəndələrindən heç də az populyar olmadığına sübut idi.

Görək, indi «Çanta»dan nə çıxacaq?

Festival təşkilatçıları balaca teatralları da unutmayıblar. Festivalın dördüncü günü (13 sentyabr) Şəkidəki amfiteatr A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının «Çanta trio» kollektivinin ixtiyarına verilmişdi. Teatrın baş rejissoru Qurban Məsimov tamaşaçıları salamlayaraq, onlara təmsil etdiyi sənət ocağının yaranma tarixindən danışdı, «Çanta trio» tamaşasının Hindistan uğurundan sonra Şəkidə göstərildiyini söylədi. Kukla və pantomim teatr prinsiplərinin qovuşduğu tamaşa, xüsusilə də yapıncılı konferansye şəkili uşaqların çox xoşuna gəldi. Mindən çox seyrçinin toplaşdığı, böyüklərin əksəriyyətinin ayaq üstə qaldığı tamaşanı şirin uşaq gülüşləri, balaca əllərdən qopan sürəkli alqış sədaları bürüdü.

«Evlənmə»!, yoxsa «Evlənmə»? Bəlkə də «Evlənmə»...

Axşam isə yenə də Şəki Dram Teatrının səhnəsi qonaq qəbul edirdi. Növbə Gəncə Dövlət Dram Teatrının idi. Rus yazıçısı Nikolay Qoqolun «Evlənmə» komediyasına maraqlı tərtibatları, klassik əsərlərə fərqli münasibətilə fərqlənən rejissor İradə Gözəlova quruluş verib. Bu komediyanın mövzusu da, süjeti də, gülüş obyekti də teatrsevərlərə tanışdır. Sadəcə, bu tamaşada evlilik yaşı, yumşaq desək, azacıq ötmüş insanların qarşıdakı izdivacdan təkcə ömür yoldaşı qazanmaq, tənha axşamların həmdəmini tapmaq, soyunu davam etdirmək istəyi ilə deyil, daha çox qalan ömrünü evlənəcəyi qızın mirası hesabına qayğısız yaşamaq arzusu ilə hərəkətə keçməsi qabardılmışdı.
Nəzərə alsaq ki, baməzəliyi ilə şöhrət tapmış Şəki camaatını güldürmək asan iş deyil, inamla demək olar ki, gəncəlilər bu missiyanın öhdəsindən gəldilər. Əməkdar artist İlham Hüseynovun (Podkolyosin), Xalq artisti Alim Məmmədovun (Yaiçnitsa), aktyorlardan Zəminə Cəfərova (Aqafya), Şəlalə Rüstəmova (Fyokla) və Elxan Abbasovun (Koçkaryov) ifası daha maraqla qarşılandı.
Beləcə, tamaşaçı «Evlənmə»yə baxandan sonra öz-özünə bunları deyirdi:
- Belə evlənmə!
- Belə evlənmə?
- Bu da evlənmədir.

* * *
Təbii ki, bir yazıya tamaşalar barədə qısa da olsa, bütün qeydləri sığışdırmaq çox yorucu olardı. Festival təəssüratlarımızı əhatə edən yazılarımızın davamı olacaq.

Gülcahan Mirməmməd,
Şəki