Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə sentyabrın 10-dan davam edən I Şəki Beynəlxalq Teatr Festivalı yekunlaşmaq üzrədir.
Sentyabrın 16-da Mingəçevir Dövlət Dram Teatrı festival tamaşaçılarına Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyasını nümayiş etdirib. Tamaşaya Xalq artisti Vaqif Əsədov quruluş verib. Klassik əsər gənc aktyorların debütü də sayıla bilər. Rollarda teatrın gənc aktyorları - Asim Məmmədov (Kərbəlayi Qubad), Ruhəngiz Abdullayeva (Kərbəlayı Qubadın arvadı), Hüseyn Mustafayev (Mərcan bəy), Fəridə Məmmədova (Minnət xanım) və başqaları çıxış ediblər.
Sentyabrın 17-də I Şəki Beynəlxalq Teatr Festivalında iki tamaşa oynanılıb. Gündüz Qax Dövlət Kukla Teatrı amfiteatrda Əhməd Orucun «Zınqırovlu pişik» tamaşasını göstərib. Axşam isə Şəki Dövlət Dram Teatrının binasında Akademik Milli Dram Teatrı Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını nümayiş etdirib. Mərhum sənətkar Vaqif İbrahimoğlunun quruluş verdiyi, Tural Mustafayevin bərpa etdiyi tamaşada əsas rollarda xalq artistləri Nurəddin Mehdixanlı (Xan) və Cəfər Namiq Kamal (Mirzə Həbib), əməkdar artistlər Münəvvər Əliyeva (Ziba xanım) və Aslan Şirin (Heydər bəy), aktyorlar Əminə Babayeva (Pəri xanım), Rada Nəsibova (Şölə xanım), İlahə Həsənova (Nisə xanım) və Hikmət Rəhimov (Teymur ağa) çıxış ediblər. Tamaşaların sonunda iştirakçı kollektivlərə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları təqdim edilib.
Sentyabrın 18-də Azərbaycan Dövlət Rus Dram Teatrı festivalda M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» komediyasını təqdim edəcək. Festival sentyabrın 19-da Azərbaycan Dövlət Musiqili Teatrının təqdimatında Əbdürrəhim bəy Haqverdiyevin «Kimdir müqəssir?» əsərinin tamaşası ilə başa çatacaq.