Sənət bayramının son günü Şəkidə unudulmaz aktyor Lütfəli Abdullayevin büstü açıldı

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə sentyabrın 10-dan 19-dək davam edən Şəki I Beynəlxalq Teatr Festivalı başa çatdı.

Festivalın son günü, sentyabrın 19-u görkəmli gülüş ustası, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri ilə yadda qaldı. Şəki şəhərindəki Lütfəli Abdullayev küçəsində sənətkarın büstünün açılış mərasimi keçirildi.
Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsinin doğulduğu şəhərdə büstünün ucaldılmasının çox əlamətdar hadisə olduğunu vurğuladı. Qeyd etdi ki, xalqımızın sevimli aktyoru olan Lütfəli Abdullayevin xatirəsi onun doğma şəhərində də həmişə hörmətlə yad edilir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan mədəniyyətinə, teatr sənətinin inkişafına bütün varlığı ilə xidmət etmiş, kinomuzun inkişafına töhfələr vermiş Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə respublikamızın şəhər və rayonlarında, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib. Nazir müavini qeyd etdi ki, görkəmli gülüş ustasının dünyaya göz açdığı Şəkidə xatirəsinin əbədiləşdirilməsi, büstünün qoyulması şəkililərin sənətkara olan sevgi və ehtiramının bariz nümunəsidir.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Lütfəli Abdullayevin milli teatr və kino sənətinin inkişafında xidmətlərindən söhbət açdılar.
Sənətkarın qızı, professor Xurşud Abdullayeva bu günün onun üçün ən əziz günlərdən biri olduğunu vurğuladı, yubiley tədbirlərinin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonra tədbir iştirakçıları büstün önünə gül-çiçək düzdülər. Qeyd edək ki, abidənin müəllifi heykəltəraş Nadir Eminlidir.
* * *
Həmin gün axşam Şəki Dram Teatrında beynəlxalq teatr festivalının bağlanış mərasimi oldu. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 10 gün ərzində Şəkidə əsl mədəniyyət bayramının yaşandığını diqqətə çatdırdı. Qədim mədəniyyət mərkəzi olan şəhərdə ilk dəfə beynəlxalq teatr festivalının keçirildiyini deyən Ə.Vəliyev Azərbaycan teatrlarının son illərdə qazandıqları uğurlardan bəhs etdi. Qeyd etdi ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən bu festival nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında böyük hadisədir. Nazir müavini iki ildən bir keçiriləcək festivala gələcəkdə xarici ölkələrdən daha çox kollektivlərin qatılacağına ümidvar olduğunu bildirdi: “On gün ərzində Azərbaycanın müxtəlif teatrları, o cümlədən müxtəlif ölkələrdən gəlmiş teatr kollektivləri böyük sevgi ilə şəkililər, teatrsevərlər, sənətsevərlər qarşısında özlərinin ən gözəl tamaşalarını göstərdilər. Tamaşaçılara böyük Mirzə Fətəli Axundzadənin, dünya dramaturqlarının yaradıcılığından nümunələr təqdim olundu. Hesab edirəm ki, Azərbaycanın bu gözəl guşəsində uzun illər yaşayacaq bir festivalın əsası qoyuldu. Bu münasibətlə bütün teatrsevərləri bir daha təbrik edirəm”.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qədim şəhərin müxtəlif festivalların, beynəlxalq mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrildiyini vurğuladı, teatr bayramının iştirakçılarına təşəkkürünü bildirdi.
Sonra mərasim iştirakçıları festivalın sonuncu tamaşasını - Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivinin təqdimatında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” ikihissəli komediyasını izlədilər (tamaşa barədə ətraflı səhifə 5-də).
Sonda kollektivə festivalda fəal iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin diplomları təqdim edildi.

Gülcahan Mirməmməd