Müharibə güclərin toqquşması, amansız mübarizədir. Bu mübarizədə güclü və zəif, qalib və məğlub tərəflər olsa da, əslində müharibə hər iki tərəfin məğlubiyyəti deməkdir...

Haqqında danışacağım “Müharibə”də məğlub olan tərəf bir ailənin ayrı-ayrı fərdləridir. Sözün hər mənasında, fiziki və mənəvi məğlubiyyətə məruz qalan, zorlanan bu ailə İsveç dramaturqu Lars Nurenin “Müharibə” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın “hədəf”idir. Pyes 2013-cü ilin aprel ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən səhnələşdirilmişdir. Tamaşada əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, aktyorlar Rasim Cəfərov, Nigar Məmmədova və Roza İbadova iştirak edirlər.
Əsərin qəhrəmanlarının adları “A” (Ana), “B” (Benina), “C” (Semina), “D” (Ata), “E” (İven) qədər sadə olsa da, həyat hekayətləri adlarının sadəliyinin əksi qədər mürəkkəbdir. Bu qəhrəmanlar “Müharibə”nin bütün üzlərini görmüş, artıq qazanmağa və ya itirməyə heç nələri olmayanlardır. Əsas məqsədləri hansı yolla olursa-olsun müharibədən sağ çıxmaq olan bu “Müharibə” qəhrəmanları üçün daha vacib nə ola bilər ki? Əlbəttə ki, heç nə. Yeməyə bir şey tapmayanda ailə saxladıqları köpəyi kəsib yeməkdən də çəkinmir, nə qədər çətin olsa da...
İtkin düşmüş ata müharibədən sağ, ancaq gözləri kor olmuş və psixikası pozulmuş vəziyyətdə geri qayıdır. Hər şey, belə demək mümkünsə, müharibədən sonra ailə daxilindəki hislərin “müharibə”si bundan sonra başlayır... Ailə üçün atanın geri qayıtmağının elə də önəmi yoxdur, sadəcə, yemək masasında bir nəfər artıq oturacaq. Bu qədər bəsit... Balaca qızdan başqa heç kim onun gəlişinə sevinmir. Ana qızları məcbur edir ki, ataya qardaşının sağ olduğunu deməsinlər. Nə də olsa arvadının qardaşı ilə eşq yaşadığını bilmək ona xoş olmaz. Ata qardaşını itkin düşmüş bilir, eyni masa arxasında əyləşəndə. Hələ arada bir onun şəninə “xoş sözlər” də ünvanlayır. Hər gün eyni masada əyləşir “itkin düşmüş” və əsirlikdən qayıtmış iki qardaş... Günlər keçir, ata evdə nələrinsə düz getmədiyini anlayır. Qadınına o olmayanda necə dolandıqlarını, nə etdiklərini soruşduqda, qadın sadəcə sağ qalmağa çalışdıqlarını bildirir.
Artıq şərhə ehtiyac yoxdur. “Sağ qalmağa çalışmaq” bütün suallara özlüyündə cavab verir... Bu üç söz ana və iki qızının başına gələn müsibətləri açıqlayır, heç qonşuluqlarındakı kişilərin dəfələrlə bu üç qadını zorladığını ataya demək ehtiyacı da duyulmur...
Qardaş çıxıb getmək və özünə yeni həyat qurmaq istəyir. Qadın qoymur, çünki onu dəlicəsinə sevir. Qaynı onu da aparmaq təklifi edəndə, qadın öz uşaqları olmadan heç yerə getməyəcəyini deyir. Böyük qız artıq bir müddətdir ki, bədənini satmaqla pul qazanır. Bu pullarla ölkədən getmək fikrindədir. Əmisinə onu özü ilə aparmağı təklif edir, daha doğrusu, yalvarır. Və bir gün Benina çıxıb gedir. Ana bütün mümkün ola biləcək variantları düşünür və belə nəticə çıxarır ki, qız əmisi ilə qaçıb. Onları tapmaq üçün arxalarınca gedir. Bu zaman ata Semina ilə gələcək üçün “parlaq” planlar qurur. Bu planlara görə Semina dilənçilik edəcək, atası kənardan onu izləyəcək. Nə də olsa heç kim onun kor olduğunu bilmir. Əmi Seminanı da aparmaq üçün geri qayıdır. Qızın birdən yadına düşür ki, sevimli kitabı evdə qalıb. İven kitabı götürmək üçün evə dönür və bu dönüş qaranlıq qalan bütün məqamlara aydınlıq gətirir...
Səhnədə müharibənin izləri olan dağılıb viran qalmış evlər yoxdur. Çünki “Müharibə”nin qalıqları səhnədə yox, çöhrələrdədir. Məsələn, tamaşada “Müharibə”nin izləri üzündən bəlli olan “C” var. Və ya “Müharibə”nin dəhşəti həyatından oxunan “B”. Səhnədə “Müharibə”nin qaranlıqlarını gözləri ilə “görən” “D” var. Ata... O ata ki, arxasında qoyub və görüb getdiyi hər şey geri döndükdən sonra çox kirli və qaranlıqdır. Ata müharibədə gözlərini itirib. Kim bilir, bəlkə də müəllif atanı geri dönərkən görəcəyi şeyləri əngəlləmək üçün “kor edib”? Amma bəzi şeyləri hiss etmək üçün kor olmaq vacib deyil. Ata hiss edir və sonda bu hissiyyatı onu aldatmır.
Səhnədə həm də müharibəyə minnətdar olan ana var. Düz eşitdiniz, ana! O ana ki, ərinin itkin düşüb və ya ölməsi ona maraqlı deyil. O ana ki, özünə yeni sevgi obyekti tapıb. Özü də yad da yox, dost-doğmaca qaynını (E). Onları pisləməyə tələsməyin. Nə olsun ki, İven azyaşlı oğlunu özünün sağ qalmağı müqabilində döyüb öldürüb. Nə olsun? O ki qardaşının uşaqlarına kitab alıb, dərs öyrədib...
Acınacaqlıdır eləmi? Hə, əziz oxucu, bizim “Müharibə” belədir. O ailənin böyük qızını fahişəliyə sövq edir, ananı öz qaynını sevməyə, qaynı öz uşağını döyə-döyə öldürməyə, atanı bütün bunları görməzdən gəlməyə və balaca qızı başına gələn bütün pisliklərə baxmayaraq, atasına var gücü ilə sarılmağa.
Bu “Müharibə”də gələcək arzularına səhnənin qaranlığının sirayət etmədiyi yeganə insan elə balaca qızdır. Mənəvi və fiziki cəhətdən zorlanan bu balaca qızcığaz gələcəyinin daha parlaq olacağına inanır. O, həm də böyümək istəmir. Maraqlı təzaddır...
“Böyük qarşılaşma”nın ardından ailənin bütün üzvlərinin bir foto çərçivəsinə cəm olunması ilə səhnədəki “Müharibə” başa çatır... Zalda əyləşən tamaşaçıların daxilindəki qarışıq hisslərin və “müharibə”nin təməlini qoymaqla...

Hüsniyyə Mursaquliyeva

Yazı Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi» müsabiqəsinə təqdim olunur.