Türk xalqları arasında mədəni əlaqələrin inkişafı, qardaş xalqların zəngin mədəniyyət və incəsənətinin dünyada tanıdılması yolunda bir çox layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyət Təşkilatı TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera günləri” 17-ci dəfə gerçəkləşib. Sentyabrın 15-də İstanbulda start verilən budəfəki sənət bayramı Türkiyənin ünlü opera sənətçisi Leyla Gencerin xatirəsinə həsr olunmuşdu. İstanbulda Leyla Gencer Opera və Mədəniyyət Mərkəzində start verilən konsertlər daha sonra Bursada, habelə Türkiyənin Egey sahillərindəki turizm şəhərləri Aliaqa, Ayvalık, Özdemiş, Marmarisdə davam edib. Konsertin möhtəşəm finalı sentyabrın 30-da Şimali Kiprin qədim Bellapais monastırında gerçəkləşib.
Konsertdə hər bir çıxış əksəriyyətini avropalılar təşkil etdiyi tamaşaçılar tərəfindən “bravo” alqışları ilə qarşılanıb. Türkdilli ölkələri təmsil edən sənətçilərin milli paltarlarda səhnəyə çıxması konsertlərə xüsusi rəng qatıb.
Opera ifaçılarını və TÜRKSOY nümayəndə heyətini Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyat, turizm, mədəniyyət və idman naziri Sərdar Denktaş qəbul edib. Nazir TÜRKSOY-a və sənətçilərə öz minnətdarlığını bildirib. Öz növbəsində TÜRKSOY-un baş direktoru Düsen Kaseinov da təşkilatın opera layihələri ilə bağlı məlumat verib.
TÜRKSOY-un 17-ci opera festivalında 14 türkdilli ölkədən 18 opera ulduzu iştirak edib. Sənət bayramında Azərbaycanı Akademik Opera və Balet Teatrının gənc solisti Afaq Abbasova təmsil edib.