Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru Rusiyanın Perm şəhərində keçirilən I beynəlxalq Martin MakDonax festivalından qayıdıb. Oktyabr ayının 7-dən 14-dək davam edən festivala ölkəmizlə yanaşı, Almaniya, Polşa, Çexiya, Avstriya, Böyük Britaniya, Bosniya və Herseqovina, eləcə də Rusiyanın bölgələrindən teatrlar qatılıb. İştirakçı kollektivlər “Oskar” mükafatçısı, məşhur ingilis dramaturqu Martin MakDonaxın yaradıcılığına aid səhnə əsərlərini təqdim ediblər.
Gənc Tamaşaçılar Teatrı dramaturqun “Lineyn trilogiyası”na daxil olan “Yalqız Qərb” əsərinin tamaşasını nümayiş etdirib. Quruluşçu rejissoru britaniyalı Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa ediblər.
Nümayişdən sonra münsiflər tamaşa haqqında yüksək fikir səsləndiriblər. Tamaşa festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görülüb.
Festival çərçivəsində MakDonax yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərsləri keçirilib.
Xatırladaq ki, ötən mövsümdə Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və “British Council”un Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində Martin MakDonaxın “Lineyn trilogiyası”na daxil olan “Lineynin gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” əsərləri səhnələşdirilib.

Həmidə