Qara Qarayevin dünyaca məşhur baleti Kaliforniyanın ən böyük teatrında nümayiş olunub

Oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilib.

Nümayiş Kaliforniya ştatının böyük və gözəl şəhərlərindən biri San Dieqonun üç minlik tamaşaçı salonuna malik, ştatın ən böyük səhnəsi kimi tanınan Civic Teatrında (The 2,967 seat San Diego Civic Theatre) gerçəkləşib. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin direktoru, beynəlxalq mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi San Dieqoda fəaliyyət göstərən nüfuzlu Grossmont Simfonik Orkestrinin ifasında səslənib, bütün rollar amerikalı balet ustaları tərəfindən ifa edilib.
Tamaşanın premyerasında iştirak etmək üçün Azərbaycandan San Dieqo şəhərinə nümayəndə heyəti ezam olunub. Heyətə ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Xalq artisti, xoreoqraf Mədinə Əliyeva, dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev daxil idi.
1965-ci ildə əsası qoyulan və dünyanın məşhur incəsənət ustalarının çıxış etdiyi San Dieqo Civic Teatrında bu günədək yüzlərlə opera və balet tamaşaları səhnəyə qoyulub, Brodwey şouları göstərilib, klassik və müasir musiqi axşamları təşkil olunub. Dahi bəstəkar Qara Qarayevin Azərbaycan balet sənətinin incisi olan “Yeddi gözəl” əsərinin bu teatrda səhnəyə qoyulması incəsənət tariximizdə əlahiddə bir hadisədir. Qeyd edək ki, tamaşanın sorağı San Dieqodan çox uzaqlara yayılmış və bütün biletlər nümayişdən xeyli əvvəl satılmışdı.
Baletin librettosu, xoreoqrafiya və səhnələşdirilməsini həyata keçirmiş Civic Teatrının bədii rəhbəri Xavyer Velasko 70-dən artıq uğurlu tamaşanın müəllifidir. Tanınmış dirijor Randall Tviidin rəhbərliyi ilə Grossmont Simfonik Orkestrinin ifasında Qara Qarayev musiqisi teatrın səhnəsində möhtəşəm səslənib. Randall Tviid tamaşadan öncə Amerikada yaşayan həmyerlimiz, sənətşünaslıq doktoru, Dallas şəhəri Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberq ilə söhbətində Qara Qarayev musiqisinin ecazkarlığından danışaraq, bu musiqiyə dinlədiyi ilk dəqiqələrdən valeh olduğunu və onu geniş tamaşaçı kütləsi qarşısında ifa etmək arzusu ilə yaşadığını deyib. O, belə bir imkanın yaradılmasına görə layihəni həyata keçirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, layihənin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna, San Dieqo şəhəri Diplomatiya Şurasına dərin minnətdarlığını bildirib.
Balet amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb. Tamaşadan sonra Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən rəsmi ziyafət verilib. Amerikalı rəsmiləri, San Dieqo və digər şəhərlərin bələdiyyə şuralarının üzvləri, xarici diplomatlar, mədəniyyət xadimləri, universitet professorları, media nümayəndələri ziyafətdə iştirak ediblər.
Mərasimdə çıxış edən baş konsul Nəsimi Ağayev “Yeddi gözəl” baletinin San Dieqoda nümayişini Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə kimi dəyərləndirib. O, uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi qiymətləndirib.
Amerikalı konqresmen Syuzan Deyvis, azərbaycanlı millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər çıxış edənlər “Yeddi gözəl” baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən danışıb, öz təəssüratlarını bölüşüblər.
San Dieqo şəhərinin Beynəlxalq məsələlər bürosunun rəhbəri Bryus Abrams çıxış edərək, şəhər merinin imzaladığı bəyannaməni təqdim edib. Bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabr tarixi San Dieqoda “Yeddi Gözəl Günü” elan edilib.
Qeyd edək ki, tamaşadan sonra amerikalı tamaşaçılar müxtəlif internet səhifələrində və sosial şəbəkələrdə baletdən yüksək zövq aldıqlarını, Azərbaycan musiqisindən riqqətə gəldiklərini bildiriblər.