Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, Əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iştirakçılar əvvəlcə sənətkarın rol aldığı tamaşalardan fotoların nümayiş olunduğu sərgi ilə tanış olacaqlar.
Sərgidən sonra böyük səhnədə vaxtilə Osman Hacıbəyovla birgə çalışmış sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər. Sonda sənətkarın xatirəsinə ithaf olaraq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək.