Qırğızıstan Opera və Balet Teatrında “Arşın mal alan”ın təqdimatı

Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan musiqisi günü keçirilib. Tədbir çərçivəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası qırğız sənətçilərin ifasında təqdim olunub.

Tədbirdə çıxış edən teatrın direktoru Timur Salamatov səfirliyin iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə səfir Hidayət Orucova nazirliyin fəxri medalını təqdim edib.
Mükafata görə təşəkkürünü bildirən səfir Hidayət Orucov iki ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanla Qırğızıstan arasında bir çox sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, humanitar sahədə həyata keçirilən birgə layihələr xalqlarımızı daha da yaxınlaşdırır.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanın və operettanın yaradıcısı, Azərbaycan professional musiqisinin banisi olduğunu deyən səfir bildirib ki, müəllif “Arşın mal alan” operettasını 101 il əvvəl - 1913-cü ildə Peterburq Konservatoriyasının tələbəsi olarkən yazıb və həmin il əsər Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Operetta indiyədək 76 ölkənin 187 teatrında səhnələşdirilib, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi isə 136 ölkədə göstərilib.
Səfir “Arşın mal alan”ı tamaşaya hazırladığı üçün Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının kollektivinə təşəkkürünü bildirib.
Sonra operetta nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Qırğızıstanın Əməkdar artisti Sapar İsmailov, dirijoru Xalq artisti Jumakadır Kanimetov, baletmeysteri Berdalı Pomankulov, xormeysteri Karaqul Tilençiyevdir. Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.
Əsas rollarda Gülnur Niyazbayeva (Gülçöhrə), Stalbek Junuşaliyev (Əsgər), Nurciqit Asanov (Süleyman), Qırğızıstanın Əməkdar Artisti Kayınbek Kuskakov (Soltan bəy), Kunduz Karıppayeva (Asya), Salıyma Mamatova (Telli), Almazbek İstambayev (Vəli) çıxış edib.