Oktyabrın 23-də Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası keçiriləcək.

Bəstəkarın türk şairi Nazim Hikmətin pyesi əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir və müəllifə böyük şöhrət gətirib. Balet ilk dəfə 1961-ci ildə Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında - indiki Sankt-Peterburq Mariinski Teatrında tamaşaya qoyulub. Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq artisti Yuri Qriqoroviç, səhnə tərtibatçısı, SSRİ Xalq rəssamı Simon Virsaladze, dirijoru SSRİ Xalq artisti, maestro Niyazi olub. 1965-ci il aprelin 15-də isə Moskvada, Böyük Teatrın səhnəsində “Məhəbbət əfsanəsi”nin premyerası olub. Dünya balet sənətinin incilərindən olan əsər uzun illər hər iki teatrın repertuarında özünə yer tutub. Müəyyən fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq. Y.Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiyanın Əməkdar artisti Pavel Sorokin, işıq üzrə rəssamı Mixail Sokolovdur.
Premyerada iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, tanınmış balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, gənc bəstəkarlar və Bakı Musiqi Akademiyasının tələbələri daxildir.
Premyeradan sonra “Məhəbbət əfsanəsi” baleti 24, 25, 26 oktyabrda, 6, 7 və 9 noyabrda Böyük Teatrın səhnəsində nümayiş olunacaq.

Lalə Azəri