Və ya göydən üç alma düşməsə də...

Əslində, hər kəsin ömür sonu fərqli, dadı kəmşirin, mənası müxtəlif, məramı dəqiqdir. Odur ki, kiminsə yaşam nəqlində məhz nağıllar qədər şirin, maraqlı və nə qədər dinlənilsə də, mütləq yeni nə isə var. Bir səhnədə xan, digərində kölə, gah aqil, gah nadan, gah mələk, gah şeytan ola bilən insanın hallarını səhnəyə daşıyıb içimizdəki səsə qulaq verməyə vadar edən aktyorlar oyun bilib qoşulduqları oyunda bir dolu ömür yaşayırlar. Əzabı bol olanı da var, şöhrət zirvəsində bayraq gəzdirəni də. Bu mənada aktyorların bir qisminin, yəni ömrü boyu şirmanın arxasında qalıb müxtəlif canlıları “oynayan” kukla teatrı aktyorlarının həyatı bir ayrı təsir yaradır.

Bu ayrıcalıq hər gün çıxdığı və az qala hər dəfə əlində tutduğu şırmanın, əyninə geydiyi “heyvan”ın arxasındakı insanın nağılını danışmaq istəyir. Səhnədən ona bəzən qorxu, bəzən heyrət, bəzən gülüş, bəzən məhəbbət, bəzən də acı nəzərlərlə baxan tamaşaçıya, xüsusən də ən həssas, dürüst və munis duyğular yüklü uşaqlara xəyali də olsa, “Mənim də bir nağılım var: biri vardı, biri yoxdu, bu böyük səhnədə böyük arzuları olan bir aktyor vardı. O, səhnəni, sənəti və ələlxüsus da sizi çox sevdiyindən elə daim uşaq kimi qaldı. Sizlərdən biri kimi ürəyini, sevgisini, bütün arzu və istəklərini sizə - gülüşünüzə, alqışınıza, sevginizə bağladı. Sizcə yanlışmı etdi?” - kimi özünün də təzadlar içində qaldığı və ağırlığını daim hiss etdiyi bir sual verir. Cavabını gözləmədən, daha doğrusu, ürəyindən keçənlərin sirayətini hiss etdirmədən o fikirlərdən qaçır, məmnun-məmnun əyninə geyindiyi ayını, canavarı, hiyləgər tülkünü, zirək dovşanı, şirinsevən Karlsonu, ağıllı Cırtdanı, özündənrazı Tıq-tıqı oynayıb-oynadır. Balacalar arasından alqış qopduqda, məmnunluq nidaları ucaldıqda isə “bu mənə, yoxsa şırmayadır?” - kimi ağıryüklü sualı özündən qovaraq aktyor səadətində qrim otağına tələsir...
Məncə, bütün kukla aktyorları, zəngin sənət ömürlü kukla yaradıcılıqlı aktyorlar bu yolu, incə, təzadlı və daim seçim istəyən bu mərhələni keçirlər. Yəqin elə o sınağı adlayan kəslər kukla teatrı aktyoru olmaq kimi böyük, çətin və məsuliyyətli bir sənət yolu ilə irəliləyib, uğur qazanırlar. Düz 45 il hər gün bu tərəddüdləri yaşayıb öz sənətində müəyyən etdiyi zirvəni fəth edib ürəyindəki uşağa hər gün yeni nəfəs verən Əməkdar artist Mansur Mansurov kimi.
Onun da öz nağılı vardı. Danışdı da. Əslində, müsahibəyə razı salanda 70 yaşlı kuklaçıya həyat və yaradıcılığından söhbət edəcəyimiz kimi sadə bir arayış verdim. O, dəstəyin o başından hiss olunacaq uşaq səmimiyyəti ilə “Mənim bütün yaradıcılığım kuklalardadır. Demək, mən yox, onlar danışacaq”, - dedi. Vədələşdiyimiz yerdə, onun ömrü boyu sadiq qaldığı və səhnəsində isinib özünə doğma məkan, hücrə seçdiyi A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında görüşdük.
Söhbətində sənətə gəlişindən gedişinə, ilk rolundan hələ ki, son qəhrəmanına, sənət həyəcanlarından mükafat bildiyi alqışlara, ən çətin məqamlarda sığındığı, inandığı həqiqətlərə, daim səhnədə, sənətdə olmağın verdiyi həzzə qədər ən müxtəlif ruh hallarından danışdı. Amma hər zaman səmimiyyəti və elə 70-ində də onu tərk etməyən ilıq uşaq təbəssümündə idi. Məncə, bir aktyor, kukla teatrı ifaçısı olaraq onun da sənət səadəti məhz bu nüansında idi. Çünki ona “Böyük səhnə parıltıları, məşhurlaşmaq, hamının tanıyıb barmaqla göstərdiyi aktyor olmaq var ikən niyə kukla, şırma arxası?” - kimi “təxribatçı” sualıma təbəssüm bələnmiş kədərlə dopdolu cavab verdi: “Bura sehrli aləmdir. Düşdünsə, çıxa bilmirsən. Mən də dostum sayəsində tanış oldum bu sirr dolu dünya ilə. Və nə hikmətdirsə qopa bilmədim ondan. Düşündüm ki, sənət təcrübəsi toplayar və zamanla özümü başqa teatrlarda sınayaram. Amma alınmadı. Daha doğrusu, özümü başqa yerdə və başqa ampluada təsəvvür eləmədim. Beləcə, zaman keçdi və bir də baxdım ki, rolların, yaratdığım qəhrəmanların yüyürək nağıl dilində gəlib 70-ə çatmışam”.
Bu yerdə ona “Yəqin arada sizi bu teatra gətirən dostunuza qınaq da etmisiniz”, - dedikdə gülümsəyərək “Mən heç vaxt heç nəyə peşman olmamışam. Həm də əslində mən bu teatra ondan lap əvvəl gəlmişəm, sadəcə qalmamışam. Sonra zaman keçib və dostumun da bu yolda olduğunu görüb özlüyümdə “davam” demişəm. Amma deyim ki, gələn kimi bu teatrı sevdim, özümü sənət səadətində hiss etdim, yalan olar. Zamanla obrazdan-obraza, tamaşadan-tamaşaya kukla aləmi məni ovsunladı. Və anladım ki, əsas insanın, aktyorun daxilindəki enerjini səhnədən ötürməsi, öz emosiyalarını, eqosunu, ifaçıya xas “mən”ini bir kənara atıb geyindiyi varlığa çevrilmək, onu yaşamaq, sevmək və sevdirmək bacarığıdır. Hər bir anlamda kukla teatrı aktyorluğu kimi çətin, ağır və həm də çox şərəfli peşəni seçən şəxs bunu tam anlamında dərk etməlidir. Yoxsa o nə özünü, nə də hər dəfə yaratmaq istədiyi qəhrəmanı ifadə edə bilməz. Bilirsiniz, gərək hər işdə səbir, sevgi və istək olsun. Xüsusən də kukla sənətində. Çünki bu, çox çətin sənətdir. İndi yox, elə neçə illərdi düşünürəm ki, kukla sənəti dəryadır və mən onun sadəcə bir neçə damlasını götürə bilmişəm”.
Söhbət əsnasında kukla teatrının aktyoru olmaq, daim fərqli qəhrəmanların qısa səhnə ömürlüyündən pay ummağın çətinliyindən də danışdı qocaman kuklaçı: “Kuklanın səsində, onların dilində, ruhunda yaşamaq elə də asan deyil. Ona görə də istər əvvəllər, istərsə də indi bu sənətin gec, bəlkə də heç gəlməyən şöhrətini gözləməyib qaçanlar, böyük, başqa yönlü teatrlara üz tutanlar da çox olub. Desəm ki, mənim könlümdən məşhur, lap elə küçədə-bayırda kiminsə “bax, o filan aktyordur, dünən filan rolda oynayırdı”, - deyib göstərmələri keçməyib, səmimi olmaz. Amma hər səhnəyə çıxanda da bu düşüncədə olmamışam. Çünki buranın sehri bir ayrıdır və onun həqiqi həzzini başqa bir nəsnə verə bilmir. Baxın, mən bu gün də nəvələrimlə oturub cizgi filmlərini seyr edir və bundan böyük zövq alıram”.
Həmsöhbətim səhnədən getsə də, özünü teatrdan ayrı hiss etmir, illərini verdiyi, fəxri ad, müxtəlif ödüllər aldığı bu sənət ocağını həyatının ən gözəl hədiyyəsi hesab edir.
Sənət tərcümeyi-halına 100-dən artıq obrazı sığdıran aktyor rolun yox, onu çatdıra bilmənin vacib olduğunu düşünür. Özü üçün səhnədə olmağın, heç olmasa bir ştrixlə belə görsənməyinin kifayət etdiyini və buna görə də teatrda çalışdığı müddətdə rol mübahisə-münaqişəsi etmədiyini deyir.
İlk rolundan da danışan aktyor qeyd edir ki, ömrünü həsr etdiyi sənət ocağının səhnəsinə Balıqçı kimi gəlib. Sonra “Tıq-tıq xanım”ın Siçan bəyi kimi 30 ilə yaxın müddətdə Tıq-tıq xanımın nazını çəkməkdən yorulmayıb. “Qaravəlli”, “O olmasın, bu olsun” kimi böyük tamaşalarla xarici festivallara da qatılan aktyor “Cırtdan” tamaşasında Cin rolu ilə seyrçilərlə sağollaşıb.
Səhnədə müsbətdən mənfiyə hər obrazı ifa edən aktyor özünün sənət ömrünə nəzər salarkən qəribə bir məmnunluqla “Kukla teatrının aktyoru olmaq, öz həyatını uşaqlara bağlamaq, onlarla sevinib onlarla təəccüblənmək, yəni uşaqla uşaq olmaq mənim sənətkar taleyim və səadətimdir. Hər zaman bununla - sırf kuklaçı olmağımla və öz sənətimə heç zaman xəyanət etməməyimlə qürur duymuşam”, - deyir.
Beləcə, bir sənət yolu, bir aktyor taleyi, bir kuklaçının özü haqqında danışdığı, həm də bilərəkdən uşaqların istədiyi kimi müsbət notlarla tamamladığı nağılı dinləmiş olduq. Göydən düşməyən üç almanı bölüşdürməsək də...

Həmidə Nizamiqızı