Noyabrın 22-də Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq. Tamaşada əsas rolları balet sənəti ulduzları - Belarus Akademik Böyük Teatrının aparıcı solistləri Olqa Qayko və İqor Onoşko ifa edəcəklər. O.Qayko və İ.Onoşko Avropanın ən populyar balet ulduzlarındandır. 2008-ci ildə Tokioda keçirilən beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülüblər. Tanınmış baletmeyster - SSRİ Xalq artisti, professor Valentin Yelizarov Olqa Qaykonu zəmanəmizin görkəmli balerinalarından və Odilliya rolunun ən yaxşı ifaçılarından biri kimi qiymətləndirib.