Noyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Ağ ölüm" adlı səhnə əsərinin premyerası olacaq. Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hazırlanıb.
Tamaşanı V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında Əməkdar artist Sərvər Əliyev səhnələşdirib. Quruluşçu rejissor Ayla Osmanova, quruluşçu rəssam Elşən Sərxanoğludur.
Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.