Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 5-6 noyabr tarixində keçirilən III Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları sırasında Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya) və Hindistanda ənənəvi olaraq təşkil edilən Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşe Rau da var idi. Fürsətdən istifadə edib bizi maraqlandıran sualları onlara ünvanladıq.

“İnsanlar müxtəlif dillərdə danışarkən, teatr yalnız bir dildə danışır”

- Xanım Rau, uşaq teatrına maraq sizdə necə yarandı?
- Əvvəllər yazıçılıqla, sonra isə teatr sahəsində məşğul olmuşam. Bundan əlavə, 20 ilə yaxındır ki, sosial sahədə də fəaliyyət göstəririk. Hindistanda maddi baxımdan əziyyət çəkən azyaşlı uşaqların təhsil almalarına yardım edən fond qurmuşuq. Biz həmçinin uşaqlar üçün seminarlar da təşkil edir və onu da maddi vəsaitlə təmin edirik.
- Uşaqlar üçün təşkil edilən seminarların məqsədi nədir?
- Biz əsasən kreativ seminarlar təşkil edirik. Seminar müddətində uşaqlara teatr mövzusunda təlimlər keçirik. Məqsədimiz ondan ibarətdir ki, uşaqlar yeniyetmə mərhələsinə çatdıqda teatrı dərk etsinlər. Çünki bu çox önəmlidir. Hazırda Hindistanda teatr çox inkişaf edib. Hətta bəzi kəndlərdə tamaşalar göstərilir.
- Hindistanda Beynəlxalq Uşaq Teatrları Festivalının direktorusunuz. Ölkənizdə uşaq teatrlarının vəziyyəti barədə nə deyə bilərsiniz?
- Hindistanda teatr bir sıra məqamlara görə fərqlidir. Ona görə ki, səhnələşdirilən əsər müxtəlif dillərdə, əksərən ingilis dilində oynanılır. Böyüklər və uşaqlar üçün olan teatrlarda əslində elə də böyük fərq yoxdur. Hindistanda uşaq teatrına böyük maraq var. Teatrda daha çox canlı performans olduğuna görə ona maraq böyükdür. Ona görə də biz səhnəni həm də texniki baxımdan təchiz etməli, ən yeni avadanlıqlar tətbiq etməliyik.
- Azərbaycan teatrı haqqında hansı məlumata maliksiniz? Bizim tamaşaları izləmək imkanınız olub?
- Əvvəlcə onu deyim ki, konfransa gələnə qədər Azərbaycan haqqında elə də məlumatım yox idi. Bu, ölkənizə ilk səfərimdir. Bakı xoşuma gəldi, gözəl şəhərdir, burada əhval-ruhiyyə pozitivdir, müsbət enerji aldım. Teatr universal bir sahədir və heç bir dili bilmədən də tamaşanı anlamaq olar. Bu, aktyor oyunundan asılıdır. Burada olduğum müddətdə bir tamaşaya baxmaq imkanım oldu, dili bilməsəm də, onu anlaya bildim. Çox maraqlı müqayisədir: insanlar müxtəlif dillərdə danışarkən teatr yalnız bir dildə danışır. Teatr öyrənmək üçün gözəl dildir. Teatr həm də insanlarda özünəinam hissi yaradır. Teatrı anlamamaq sənin başqasının ayaqqabısını geyməyinə bənzəyir. Belə olan halda sən özün ola bilməzsən. Yalnız öz ayaqqabını geyindikdən sonra teatrı dərk edirsən və bu vacibdir. Teatr dünyagörüşünü artırır. Biz Cənubi Hindistanda Beynəlxalq Uşaq Teatr Festivalına ev sahibliyi edirik. Çox istəyirəm ki, Azərbaycan teatrları da bu festivala qatılsın və dəvət edəcəyəm. Beləcə Azərbaycan və Hindistan teatrları arasında əməkdaşlıq da yarana bilər.
“Teatr insanlara başqa mövqeləri, baxışları öyrədir, fikir formalaşdırır”

- Cənab Pastor, Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası nə vaxt qurulub?

- Təşkilat 1955-ci ildə yaradılıb, məqsəd müxtəlif ölkələrdən olan teatr tədqiqatçılarını müxtəlif mövzu ətrafında bir yerə toplamaq idi. Qurumun əsas hədəfi insanlara teatrla bağlı tədqiqat aparmalarına şərait yaratmaqdır və öz təqaüd proqramlarının təqdimatına kömək etməkdir. Hər il dünyanın bir ölkəsində konfransımızı keçiririk. Bu həm də ölkələrin bir-biri ilə əməkdaşlığına şərait yaradır. Üzvlərimiz sırasında 60-dan çox ölkənin təmsilçiləri var. Konfranslarımızda müxtəlif mövzuları, məsələn, gender, feminizm, səhnə peformanslarını müzakirə edirik. Ona görə ki, məsələn, gender elmi müxtəlif ölkələrdə fərqli problemlər yaşayır. Gender bizim necə və kim olmağımızı müəyyən edir. Müxtəlif ölkələrdən gələn teatr tədqiqatçılarının bir araya gəlib bunları müzakirə etməsi çox maraqlıdır.
- Yəni düşünürsünüz ki, cəmiyyətdə bir sıra problemləri teatr vasitəsilə həll etmək olar?
- Bəli. Çünki teatr özü insanın davranışı və davranışın başa düşülməsi deməkdir. Burada ən müxtəlif vasitələr mövcuddur: antropoloji, psixoloji, sosioloji və s. Yəni demək istəyirəm ki, teatr təkcə səhnə deyil. Teatrın fəlsəfəsi odur ki, biz kənardan nə öyrənə bilirik. Ən sadə misal göstərəcəyəm: teatr bizə ətrafı, bir-birimizi görməyə, müşahidə etməyə imkan yaradır. Siz vəziyyəti həm də içəridən, səhnədən öyrənirsiniz.
- Maraqlıdır, bu gün teatr tamaşaçıya nə verə bilir və sizcə, onun əsas missiyası nə olmalıdır?
- Teatr insanlara çox şey verir: elm, siyasət, idman, davranışların qurulması və s. Teatr həmişə siyasidir. Hətta o, siyasətə cəhd etməyəndə də siyasi olur. Ona görə ki, teatr tamaşalarından gözlənilən hər hansı perspektivi istər-istəməz siyasətə aparır. Siyasət isə həmişə ziddiyyətli olmur. Eyni zamanda teatr bizə ətrafdakı siyasi vəziyyəti də dərk etməyimizə kömək edir. İnsanlar teatr tamaşalarının elementlərindən istifadə etməklə, siyasəti anlamağa çalışırlar. Gəlin, tarixə nəzər salaq. Hələ antik dövrdə yunanların qurduğu teatrın özündə siyasi elementlər güclü idi. Əgər tragediya oynanılırdısa, tamaşa mütləq siyasi çalarlarla bitirdi. Qərbdə teatr həmişə siyasi olub. Mən deyə bilmərəm ki, bu yaxşı və ya pisdir. Mənim anlamımda pis teatr yoxdur. Əgər teatr həmişə məşğuldursa və o, tamaşaçı tələbatını ödəyirsə, deməli, işlər qaydasındadır. Teatr insanlara başqa mövqeləri, baxışları öyrədir, fikir formalaşdırır. Problem aktyorların peşəkar treninqlərinin təşkilidir. Burada söhbət həm də qloballaşmanın teatra verdiyi yeniliklərdən gedir. Məsələn, mən ispanam, amma Amerikada teatr treninqləri keçirirəm. Və ya Hindistanda “Katakali” teatrı ilə məşğul oluram. Bundan başqa, teatr həmçinin təhsilin inkişafında mühüm rola malikdir. Bir sözlə, teatr bir məktəbdir və hər kəs bu məktəbdən keçməlidir.

Mehparə