Son günlər mətbuatda Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamovun işdən azad edilməsi ilə bağlı müxtəlif yazılar dərc olunur, bu mövzu ətrafında süni qalmaqal yaradılır. Teatrın rəhbərliyinin və ümumilikdə kollektivin rəyini diqqətə alıb bu məsələ aydınlıq gətirmək istəyirik.

Teatrın direktoru Səxavət Məmmədov əvvəlcə məsələnin mahiyyəti barədə məlumat verdi: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, 05.12.2014-cü il tarixli 58 N-li əmrə əsasən, Mingəçevir Dövlət Dram Teatrının 14-cü dərəcəli aktyoru İbrahim Salam oğlu Salamov tutduğu vəzifədən azad edilib. Qeyd etmək istəyirəm ki, bunun əsaslı səbəbləri var. Teatrın aktyoru İbrahim Salamov 20.10.2014-cü il tarixində tamaşa qurmaq üçün ərizə ilə rəhbərliyə müraciət edib. Plandan kənar nəzərdə tutulan Ə.Oruclunun “Nənənin kələyi” tamaşasının quruluş rejissorluğu müvafiq əmrə əsasən ona həvalə edilib, yaradıcı heyət təsdiqlənib, tamaşanın hazırlanması üçün smeta xərci hesablanıb, məşqlərə başlanılıb.
Bundan əvvəl də, dəfələrlə, teatrın iş ahənginə mənfi təsir edən, yaradıcı insanların psixoloji ruhunu gərginləşdirən, kobud və saymazyana davranışlarına baxmayaraq, yenə də İ.Salamova qarşı rəhbərlik tərəfindən humanist addımlar atılaraq, yaradıcı insan kimi etimad göstərilib. O isə bu güzəştlərdən mənfi formada yararlanaraq, öz ətrafına 3-4 nəfər “həmfikir” toplayıb, teatrda “qruplaşma” yaradıb. Həmin adamlar teatrda işlədikləri müddət ərzində müxtəlif vaxtlarda tamaşaların məşq proseslərini dəfələrlə pozub, rəhbərlik tərəfindən cəzalandırılıblar”.
Direktor qeyd edir ki, 25 noyabr tarixində İbrahim Salamov “Nənənin kələyi” tamaşasının məşqləri zamanı teatrın aktyor heyəti və rəhbərliyinin gözü qarşısında səhnə rəisi Könül Hacıyeva ilə kobud mübahisə edərək, teatr etikasına zidd sözlər söyləyib: “Qeyd edim ki, bundan əvvəl də bir neçə dəfə teatr işçiləri ilə səbəbsiz mübahisələr edən İ.Salamova əxlaqazidd sözlər söylədiyi və əmək intizamını pozduğu üçün dəfələrlə teatr rəhbərliyi tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib. İ.Salamovla K.Hacıyeva arasında baş verən konfliktə görə adıçəkilən işçilərdən izahat tələb edilib. K.Hacıyeva izahat verdiyi halda, İ.Salamov baş verən konflikt haqqında izahat verməkdən imtina edib. Bütün bunları nəzərə alaraq hər iki işçiyə töhmət verilib. Ertəsi gündən etibarən İ.Salamov tamaşanın məşqlərini heç bir səbəb olmadan dayandıraraq, tamaşanı öncədən təyin olunduğu gün təhvil verməyəcəyini bildirərək, işi başa çatdırmaqdan imtina edib. Bu isə səhnə işində zəhməti olan yaradıcı və texniki heyət tərəfindən narazılıqla qarşılanıb”.
Bundan sonra direktor teatrda normal iş ahəngini qoruyub saxlamaq və aktyor truppasının yaradıcı ruhunu korlamamaq naminə bir təşəbbüs göstərir. Baş verənlərə aydınlıq gətirməsi üçün teatrın qocaman sənətkarları - Xalq artisti Z.Abbasov, Əməkdar artistlər Akif Mirabov və Ella Yaqubova, aparıcı səhnə ustası Şıxı Məmmədova İ.Salamovla görüşməyi tövsiyə edir. Lakin İ.Salamov həmkarları ilə görüşməkdən imtina edir və onun bu saymazyana hərəkəti kollektivin qınağına səbəb olur. Adıçəkilən sənətkarlar daha sonra İ.Salamovla fərdi şəkildə görüşüb, onun hərəkətinin həmkarlarına qarşı hörmətsizlik olunduğunu diqqətə çatdırıblar.
Bütün bunlara rəğmən İ.Salamovun kollektivə qarşı saymazyana davranışı teatr rəhbərliyi tərəfindən mənfi qarşılanır və teatrın Həmkarlar Komitəsi də məsələyə münasibət bildirir. Kollektiv tərəfindən İ.Salamovun məsuliyyətsizliyi, işçilər arasında psixoloji gərginlik yaratması, aktyorlara qarşı hörmətsizliyi və hegemonluğu haqqında dəfələrlə şikayətlər daxil olunduğu nəzərə alınaraq məlum qərar yekdilliklə qəbul edilir.
Məsələ ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının kollektivi adından direktor müavini Vüsal Məmmədov da münasibət bildirdi: “Teatrımız haqqında son zamanlar kiminsə işdən qovulması, kimlərəsə təzyiqlər olunması, yaradıcı insanların sıxışdırılması kimi söz-söhbətlər gəzir. Tam səmimi deyirəm ki, bütün o iddialar əsassızdır. Bir anlıq düşünək, hazırkı direktordan qabaq iki direktorla da yola getməyən, eyni söz-söhbətlərlə münaqişə yaradan, bir neçə baş rejissorla da anlaşmayan bir insan bu qədər insanlarla mübahisədə düz ola bilərmi? Yəni bu qədər insan haqsız, bir İbrahim Salamov haqlı ola bilməz. Mətbuatdakı dostlarımızdan da xahiş edirəm, Mingəçevir Teatrını qalmaqallarla yox, yeni-yeni tamaşalarla gündəmə gətirəsiniz”.

Həmidə Nizamiqızı