Yanvarın 9-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Taleh Həmidin “Yəhya bəy Dilqəm” əsəri nümayiş etdirilib. Teatrda 2015-ci ilin ilk tamaşası böyük maraqla qarşılanıb.
“Yəhya bəy Dilqəm” Taleh Həmidin dramaturq kimi səhnələşdirilən ilk əsəridir. Əsərdə XIX əsrdə Şəmkirdə yaşayan xalq aşığı Yəhya bəy Dilqəmin həyatı və yaradıcılığı öz əksini tapıb.
Şair qəlbli Yəhya bəyin saf sevgisi, lakin uğursuz ailə həyatı, ermənilərin çar Rusiyası tərəfindən Qarabağa, Şəmkirə və Gəncəbasara köçürülmələri əsərdə incə çalarla işlənib. “Yəhya bəy Dilqəm” dastanının motivləri əsasında yazılan pyesin tamaşasına Azərbaycanın Xalq artisti Kamran Quliyev quruluş verib. Musiqi tərtibatçısı Azərbaycanın Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, səhnə tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovdur.
Səhnə əsərində Yəhya bəy Dilqəm rolunu Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev oynayır. Digər rolları Azərbaycanın Xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Xəlil Hüseynov, Yusif Allahverdiyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev, aktyorlar Bünyad Səttarov, Nazlı Hüseynquliyeva və başqaları ifa edirlər.