Aprelin 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli balerina, pedaqoq və baletmeyster, Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə Ə.Bədəlbəylinin “Qız qalası” baleti nümayiş olunacaq.
Premyerası 1940-cı il aprelin 16-da keçirilən bu əsər Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olub və uzun illər baletdə Gülyanaq rolunu ifa edib. Budəfəki tamaşada əsas rollarda Xalq artisti Gülağası Mirzəyev (Polad), Əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcəklər. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.