Musiqili Teatrda premyera

Aprelin 16-da Azərbaycan Dövlət Musiqili Teatrında Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa Xalq artisti, tamaşaçıların sevimlisi, komediyada əsas obrazı canlandıran Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov səsləndirəcək.
Əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova və başqaları ifa edəcəklər. Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

 Həmidə Nizamiqızı