C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə 17-24 aprel tarixində "Çanaqqala zəfəri" beynəlxalq layihəsi həyata keçiriləcək. Layihə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birgə Çanaqqala qələbəsinin 100-cü ildönümü münasibətilə reallaşacaq.
Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu layihə çərçivəsində konfrans və görüşlərin təşkili də nəzərdə tutulur. Tədbirlərə Dövlət Mahnı Teatrının səhnəsində İrəvan teatrının bu layihə üçün hazırladığı türk yazıçısı Dəmət Çizməlinin "Cümhuriyyətin ilk sədası" adlı tamaşaya baxışla yekun vurulacaq.
Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.

Həmidə Nizamiqızı