Bu il 9-cu dəfə keçiriləcək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının beynəlxalq yay teatr məktəbində 20 ölkədən 85 gənc aktyor təhsil alacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Eşqin Quliyevin və Günel Məmmədovanın adları da iştirakçılar siyahısındadır.
İyunun 1-dən 28-dək davam edəcək məktəbin proqramına ustad dərsləri, aktyorluq sənəti üzrə treninq, səhnə davranışı, müasir rəqs, əlaqəli improvizasiya, səhnə nitqi və qılıncoynatma daxildir. Qruplara Vyaçeslav Kokorin, Veniamin Filştinski və Qitis Padeqimas rəhbərlik edirlər. Məktəbdə Vyaçeslav Polunin, Sergey Jenoviç, Lev Dodin, İqor Zolotovitski və Boris Konstantinov ustad dərsləri keçəcəklər. İndiyədək 40 ölkədən 800-ə qədər aktyorun qatıldığı layihənin bədii rəhbəri Rusiyanın Xalq artisti Aleksandr Kalyagindir.