“Lənkəran Dövlət Dram Teatrı regionda yeganə professional sənət ocağıdır”

Müsahibimiz Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdur.

- Öncə bildirim ki, Lənkəranda professional teatrın tarixi XIX əsrin sonlarına təsadüf edir, - deyə Tofiq Heydərov söhbətə başlayır. - 1891-ci ilin 18 yanvarında Lənkəranda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri əsasında “Oddan alova” adlı tamaşa səhnələşdirilib. Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev 1905-ci ildə müəllimlik fəaliyyətinə başladığı Lənkəranda həmçinin dram, xor və nəfəsli orkestr dərnəkləri yaradıb, oğlanlarla yanaşı məktəbli qızları da bu dərnəklərə cəlb edib.
Lənkəranda teatrın təşəkkül tapmasında SSRİ Xalq artisti Sidqi Ruhullanın da böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn S.Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını səhnələşdirib.
1923-cü ildə yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında əks-səda doğurub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına rayon xalq teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanmışdı. Xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi məşhur sənətkarlar ilk addımlarını Lənkəran xalq teatrının səhnəsində atıblar.
1934-cü ilin payızında Lənkəranda açılan Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Müharibə illərində böyük yaradıcılıq müvəffəqiyyətlərinə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor Kamil Nəcəfov Azərbaycanın Əməkdar artisti fəxri adına, bir qrup aktyor isə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülüb. Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində 1959-cu ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına xalq teatrı təşkil edilib. Teatra Əməkdar artist Kamil Nəcəfov rəhbərlik edib.
Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə yalnız sosial-iqtisadi sahə deyil, incəsənətin bütün növləri, o cümlədən teatr sənəti də tərəqqi etməyə başlayıb. Ayrı-ayrı bölgələrdə yeni teatrlar açılıb. 1973-cü ilin dekabrın 6-da Lənkəranda Mirzə İbrahimovun “Yaxşı adam” komediyasının tamaşası ilə Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrı fəaliyyətini bərpa edib. Onu da deyim ki, Sumqayıtda açılmış Dövlət Dram Teatrı Hüseyn Ərəblinskinin adını daşıdığı üçün Lənkəran teatrına görkəmli dramaturq N.Vəzirovun adı verilib.
Lənkəran teatrı ötən 42 ildə 200-dən çox əsərə səhnə həyatı verib, kollektiv Özbəkistanda, Gürcüstanda qastrol səfərlərində olub, Türkiyənin İstanbul, Ankara, Dənizli, Konya şəhərlərində beynəlxalq festivallarda uğurla iştirak edib. Teatrda hazırlanan Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən”, C.Məmmədquluzadənin “Ölülər”, N.V.Qoqolun “Müfəttiş” tamaşaları Azərbaycan Dövlət Televiziyasının “Qızıl fondu”na daxil edilib. 2004-cü ildə teatrın binası əsaslı təmir edilərək yenidən qurulub. Hazırda teatrda iki Xalq artisti, üç Əməkdar artist olmaqla onlarla sənət fədaisi çalışır.
- Bu yaxınlarda qonşu İranda səfərdə olmusunuz. Təəssüratlarınızı eşitmək istərdik...
- Yanvarın 21-dən fevralın 1-dək İranın paytaxtı Tehran şəhərində keçirilən 33-cü beynəlxalq Fəcr teatr festivalında iştirak etdim. Səfər xoş təəssüratlarla yadda qaldı, bir sıra görüşlərə qatıldım, Almaniya, Fransa, Polşa və Tehran teatrlarının tamaşalarını, eləcə də Tehran teatr truppalarının məşqlərini izlədim, truppa rəhbərləri, rejissor və aktyorlarla görüşüb söhbətlər apardım. Tehran şəhər teatrının direktoru və beynəlxalq Fəcr festivalı təşkilat komitəsinin sədri Ərdəşir Salehpur ilə də söhbət zamanı teatrımızla əməkdaşlıq məsələlərini müzakirə etdik. Əldə olunmuş razılaşmaya əsasən, Lənkəran Dövlət Dram Teatrının aktyor, rejissor və texniki heyətdən ibarət işçilərinin Tehran Şəhər Teatrının, eləcə də digər teatrların yaradıcılıq və texniki imkanları ilə yaxından tanış olmaları üçün üçgünlük yaradıcılıq səfəri təşkil olunacaq.
Həmçinin Lənkəran Dram Teatrının 2015-ci ilin iyul ayında Tehran şəhərində keçiriləcək beynəlxalq adət-ənənə festivalında iştirakı müzakirə edildi. Bu tədbir ərəfəsində iranlı müəllifin əsərinin həmin ölkəni təmsil edən rejissor tərəfindən Lənkəranda bizim heyətlə tamaşaya qoyulmasının, festivaldan sonra həmin əsərin Tehran şəhərində oynanılmasının, eləcə də teatrımız tərəfindən M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının Tehranda göstərilməsinin, Tehran Şəhər Teatrının da eyniadlı tamaşa ilə Lənkəranda çıxış etməsinin mümkünlüyü vurğulandı.
- Tofiq müəllim, kollektivinizin cari mövsümdəki digər yaradıcılıq işləri barədə nə deyə bilərsiniz?
- Cari mövsümə ötən ilin sentyabrın 19-da Əməkdar artist Adil Zeynalovun quruluşunda Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyasının tamaşası ilə başlamışıq. Ondan bir neçə gün öncə isə kollektivimiz Şəkidə keçirilən beynəlxalq teatr festivalında italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış etdik. Teatrımızın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi səhnə əsəri böyük maraqla qarşılandı. Yeni tamaşalar üzərində işləyirik. Əməkdar artist Təvəkkül Əliyevin quruluşunda Soltan Məcid Qənizadənin “Xor-xor” komediyasını yaxın günlərdə tamaşaçılara təqdim etdik. Əməkdar artist Adil Zeynalov Lev Korsunskinin “Kələkbaz” komediyasının məşqlərini aparır. Bundan əlavə, cari mövsümdə Elçinin “Cəhənnəm sakinləri”, K.Abdullanın “Unutmağa kimsə yox”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının motivləri əsasında “Milyonçu dilənçi” və digər əsərləri də tamaşaya qoymağı planlaşdırmışıq.
Onu da qeyd edim ki, aktyor tələbatına olan ehtiyacı ödəmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə teatrımızın nəzdində “Ümid” studiyası yaradılıb. Studiyanın dinləyiciləri həm gələcəyin aktyoru kimi potensial imkanlarını genişləndirir, həm də teatrımızda aktyor bazası yaradır. Biz yeni nəsilləri əvəz edən aktyorlar yetişdirməklə, o gənclərə səhnə danışığı, aktyor sənəti, teatr tarixi və s. dərslər keçirik. Dinləyicilərimiz tamaşalarımızda demək olar ki, əsas rolları oynayırlar, respublika üzrə müsabiqələrdə birinci, ikinci yerləri tutublar. Hazırda studiyaya yeni qəbul keçirilir. Fürsətdən istifadə edərək istedadlı oğlan və qızları bacarıqlarını sınamağa çağırıram.
Əlbəttə, müəyyən problemlərimiz də var. Teatrda müasir texnika qurulmalı, işıqlandırma sistemi dəyişilməli, kompüter sisteminə keçməliyik. Bütün bunların hamısı yüksək səviyyədə olmalıdır ki, tamaşanın keyfiyyətinə müsbət təsirini göstərə bilsin. Hörmətli nazirimiz Əbülfəs Qarayev ötən ilin sentyabr ayında teatrımıza baş çəkərkən kollektivlə görüşündə binada təmir işlərinin görülməsində köməklik göstəriləcəyini bildirib. Biz də istər Mədəniyyət və Turizm Nazirliyi, istərsə də Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən qayğı və diqqəti əməli işimizlə doğruldaraq teatrımızın ölkənin qabaqcıl sənət ocaqlarından birinə çevrilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacağıq.

Söhbətləşdi: Ağaddin Babayev