İstanbulda “Taksim-Bebek Rotary Klub” tərəfindən verilən teatr mükafatlarının təqdimetmə mərasimi olub. Mərasimdə Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, İstanbulun tanınmış ziyalıları, teatrsevərlər iştirak ediblər.
Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa da mükafatlandırılanlar sırasında olub. Bu, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın quruluş verdiyi tamaşanın Türkiyədə layiq görüldüyü sayca onuncu mükafatdır. Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç mükafatla təltif olunub.
Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi bu əsəri qardaş ölkədə sürətlə populyarlaşdırıb. Təkcə ötən il tamaşada oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatına layiq görülüb. Tamaşanın bəstəkarı həmyerlimiz Aygün Səmədzadədir. “Şekspir” İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır.