İyunun 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək. Teatrın repertuarındakı ən baxımlı tamaşalardan olan “Jizel” baletsevərlərin sevimli əsərlərindən biridir. Xüsusi olaraq I Avropa Oyunlarının mədəni proqramı çərçivəsində şəhərimizin qonaqları üçün nəzərdə tutulmuş tamaşada Azərbaycan Opera və Balet Teatrı balet truppasının artistləri ilə yanaşı, Rusiya Böyük Teatrının solistləri - Çinara Əlizadə və Andrey Merkuryev də çıxış edəcəklər.
Jizel rolunu ifa edəcək Çinarə Balet artistlərinin 2005-ci ildə keçirilən beynəlxalq müsabiqəsinin qalibi və Azərbaycanın Əməkdar artistidir. Azərbaycan Opera və Balet Teatrı onunla sıx yaradıcılıq əlaqələri saxlayır və hər il Bakıda qastrola dəvət edir. Onun tərəf-müqabili Andrey Merkuryev (Şahzadə Albert) Rusiyanın Əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin və “Qızıl maska” teatr mükafatının laureatıdır. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.