Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir. Səhnə əsərlərinə əməkdar incəsənət xadimləri Oruc Qurbanov və Mehriban Ələkbərzadə quruluş verirlər.
Teatrın səhnəsində bir sıra maraqlı quruluşlara imza atan Mehriban Ələkbərzadə bu dəfə Qriqori Qorinin "Herostratı unudun" əsəri əsasında eyniadlı tamaşa hazırlayır. Hazırda məşqləri davam edən tamaşada əsas rolları Xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Elşən Rüstəmov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, aktyorlar Hikmət Rəhimov, Vüsal Mustafayev və başqaları oynayacaq.
Xatırladaq ki, bu əsərə bir müddət əvvəl Türkiyədə yaşayan həmyerlimiz, rejissor Cahangir Novruzov da quruluş verib və tamaşa uğurla nümayiş edilib.
Milli Dram Teatrında ikinci tamaşa isə yazıçı-publisist Hüseynbala Mirələmovun "Mərhumun mesajı" adlı əsəri əsasında hazırlanır. Son məşqləri gedən səhnə əsəri yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək. Rolları Xalq artisti İlham Əsgərov, əməkdar artistlər Şəlalə Şahvələdqızı, Almaz Amanova, Əli Nur, Elxan Quliyev və başqaları ifa edirlər.