Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha iki nüfuzlu beynəlxalq teatr festivalına dəvət alıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bunlardan biri bu ilin 9-13 avqust tarixində İsraildə keçiriləcək beynəlxalq kukla teatrı festivalıdır.
Dünyanın bir sıra ölkələrindən onlarla kukla teatrı və aktyorunun qatılacağı ənənəvi festivalda müasir və ənənəvi kukla sənətinin incəlikləri barədə seminar və ustad dərsləri də keçirilir.
Teatrın dəvət aldığı növbəti tədbir 8-14 noyabr tarixində Çinin Fujian əyalətində ənənəvi Asiya Sənət Festivalı çərçivəsində baş tutacaq 14-cü beynəlxalq kukla və kölgə festivalıdır. Festivalda hər kollektiv 3-4 tamaşa və kukla oyunu səhnəciyi ilə iştirak edə bilər.