Ölkəmizdə səfərdə olan ABŞ-ın Kolorado Universitetinin mexaniki mühəndislik kafedrasının professoru, eyni zamanda folklor musiqisi üzrə tədqiqatçı Bert Vermeulen və Nyu-York Texnologiya Kollecinin riyaziyyat kafedrasının professoru Ezra Hallek Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovla görüşüblər. Qonaqlar Bakıda keçirilən Avropa Oyunlarının yarışlarını maraqla izlədiklərini bildiriblər.
Söhbət əsnasında Bakının bir sıra görməli məkanlarında olduqlarını deyən amerikalı alimlər şəhərimizin gözəlliyinin, insanların istiqanlı münasibətinin, zəngin mətbəximizin onlarda dərin təəssürat yaratdıqlarını vurğulayıblar. Qonaqlara Bakının memarlıq abidələri, mətbəxi, teatr müəssisələrini əks etdirən kitabçalar hədiyyə edilib.