Gənc Tamaşaçılar Teatrının gənc aktyorları Günel Məmmədova və Eşqin Quliyev iyunun 1-dən - 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak ediblər.
Rusiya Mədəniyyət Nazirliyinin və Teatr Xadimləri İttifaqının təşkil etdiyi məktəb bu il 20 ölkədən 85 nümayəndəni bir araya gətirib. Gənc aktyorlara layihənin bədii rəhbəri, Rusiyanın Xalq artisti Aleksandr Kalyagin və teatr pedaqoqları tərəfindən ustad dərsləri keçirilib.
Təlimlərin yekunu olaraq məktəbdə iştirak edən aktyorlar rusiyalı rejissorların hazırladığı 5 tamaşa ilə özlərini sınayıblar. Aktyorlarımız İ.A.Buninin “Yüngül nəfəs” və “Qaranlıq xiyabanlar” novellaları əsasında hazırlanmış “Bunin. Etüdlər” tamaşasında uğurla çıxış ediblər. Sonda məktəbin dinləyicilərinə diplom və sertifikatlar təqdim olunub.