Noyabrın 16-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış Azərbaycan rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rəşad Mehdiyevin əsərlərinin sərgisi açılacaq. Sərginin ekspozisiyasına rəssamın rəngkarlıq və qrafika janrlarında çəkdiyi 20-yə yaxın əsər daxil edilib.
   Rəşad Mehdiyev 2002-ci ildə TÜRKSOY tərəfindən Türkiyənin Çanaqqala şəhərində təşkil edilmiş “Çanaqqalanın göz yaşları” müsabiqəsinin qalibi olub. 2006-cı ildə BMT-nin Vyanadakı Avropa ofisində rəssamın əsərlərinin sərgisi keçirilib. 2012-ci ildə o, bənzərsiz milli koloritli əsərlərinə görə Rusiyanın “Vera” (“İnam”) ictimai fondunun mükafatına layiq görülüb. Rəssamın işləri dünyanın müxtəlif ölkələrində şəxsi və dövlət kolleksiyalarında saxlanılır.
   Sərgi noyabrın 25-dək davam edəcək.