Daun sindromlu uşaqların rəsm və əl işlərindən ibarət sərgisi
   
   Noyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə daun sindromlu uşaqların rəsm və əl işlərindən ibarət “Biz Günəşin şəfəqləriyik” mövzusunda sərgi açılıb.
   
   Rəssamlıq Akademiyasında keçirilən tədbir BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunmasının (20 noyabr 1992) 20 illiyinə həsr olunub.
   Mərasimdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova dövlət uşaq siyasətindən danışaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Daun sindromlu uşaqların rəsm və əl işlərini yüksək qiymətləndirən H.Hüseynova sərginin uşaqların daxili aləminin zənginliklərini təcəssüm etdirdiyini deyib.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ölkədə uşaqlara göstərilən dövlət qayğısından danışıb, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd ediblər.
   Vurğulanıb ki, ölkədə uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsi, onların təhsili, tərbiyəsi prioritet məsələlərdən biridir. Uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya məsələləri bu sahədə qəbul olunmuş bir sıra dövlət proqramlarında öz əksini tapıb.
   Sonra Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində yaradılmış “Dəcəllər” teatrının uşaqları konsert proqramı ilə çıxış ediblər.