Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə gənc rəssamların rəsm əsərlərindən ibarət “XXI əsrin Azərbaycanı” mövzusunda sərgi açılıb. 
   Gənclər Gününə həsr olunmuş sərgidə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayev artıq ənənə halını alan belə tədbirlərin gənc nəslin təsviri sənətə marağının artmasına xidmət etdiyini bildiriblər.
   Tədbirdə 38 gənc rəssama Gənc Rəssamlar Birliyinə üzvlük vəsiqəsi təqdim edilib. Sonra sərgiyə baxış keçirilib. Üç gün davam edən sərgidə 200-ə yaxın gənc rəssamın 350-dən çox əsəri nümayiş olunub.