Moskvada müasir Azərbaycan incəsənəti sərgisi
   
   Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş” adlı müasir Azərbaycan incəsənəti sərgisi açılıb.
   
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirak etdiyi mərasimə Rusiyanın nüfuzlu ictimaiyyət və mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar qatılıb.
   İndiyədək Londonda, Berlində və Parisdə nümayiş etdirilən sərgi Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamıdır. Fevralın 24-dək davam edəcək Moskva sərgisində rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 azərbaycanlı rəssamın 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb.
   “Multimedia Art Muzey”in direktoru Olqa Sviblova tədbirin əhəmiyyətini vurğulayaraq sərgini Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
   Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sərgidə Azərbaycan müasir incəsənətinin müxtəlif istiqamətlərinin təmsil olunduğunu bildirib: “Bu sərgi artıq Londonda, Parisdə, Berlində nümayiş etdirilmişdir və ümid edirəm ki, onu dünyanın bir çox şəhərlərində də görəcəklər.
   Biz bu sərgiyə təxminən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi sizə öz dilində - incəsənət dilində bu gün bizim Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq. Axı Azərbaycan Şərq ilə Qərbi birləşdirən, çox zəngin mədəniyyətə və qədim tarixə məxsus misilsiz ölkədir. Bu gün şəhərimizin arxitekturası İçərişəhərdəki Qız qalasından Zaha Hadidin postmodernizm memarlıq şedevrinə və əlbəttə ki, hamımızın sevdiyi, Xəzər dənizinin sahillərində yerləşən Bakı bulvarınadək ən müxtəlif üslubları özündə birləşdirir. Hamınızı bizim sehrli şəhərimiz Bakıya uçuşa dəvət edirəm”.
   Sərginin kuratoru Erve Mikaeloff çıxışında ekspozisiyanın zənginliyi, nümayiş etdirilən əsərlərin orijinallığı ilə fərqləndiyini diqqətə çatdırıb: “Əminəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbirlər sayəsində Azərbaycan incəsənəti dünyada tanınmış brend olacaq”.
   Ekspozisiyaya daxil edilmiş əsərlər qədim tariximizdən, ənənələrimizdən, xalqımızın nəcib hisslərindən müasir incəsənətin dili ilə söhbət açır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, “Kəpənək”, “Bizim keçmişimiz”, “Biri var idi, biri yox idi”, “Məhəbbət”, “Yalan”, “Tənhalıq” və digər əsərləri sərgiyə gələnlərin xüsusi marağına səbəb olub. Tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri peşəkar tamaşaçıları belə heyran qoyub.
   Rusiyanın Xalq artisti Gennadi Xazanov: “Heydər Əliyev Fondu ölkələrimiz arasında mədəni körpünün daha da möhkəmlənməsində xüsusi rol oynayır. “Bakıya uçuş” sərgisi Azərbaycan mədəniyyətinin dünyada tanınması istiqamətində əhəmiyyətli addımdır”.
   Rusiya Kinematoqrafiya Akademiyasının bədii rəhbəri Yuli Qusman: “Mən çox xoşbəxtəm ki, bu həqiqətən nəhəng sərgi Moskvada nümayiş etdirilir. “Bakıya uçuş” sərgisi Moskvanın mədəni həyatında əlamətdar hadisədir”.
   Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun rəssamların əsərlərindən hazırladığı açıqcalar və kitabçalar paylanıb.
   Sərgidən sonra “Baku” jurnalının 5 illik yubileyi ilə əlaqədar ziyafət təşkil olunub, jurnala həsr olunmuş film və moda sərgisi nümayiş etdirilib.