Fevralın 22-də Türkiyənin Qaziantep şəhərindəki “Sanko” incəsənət qalereyasında azərbaycanlı rəssam və heykəltəraş Məhəmməd Əliyevin fərdi sərgisi açılacaq.
   1952-ci ildə Bakıda anadan olmuş M.Əliyev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Sankt-Peterburq Dövlət Rəsm Akademiyasının dulusçuluq fakültəsini bitirib.
   Rəssam 1985-ci ildə Sankt-Peterburqda ilk fərdi sərgisini keçirib, 1986-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Əsərləri ABŞ, İngiltərə, Avstriya, Almaniya, Fransa, Rusiya və Türkiyədə nümayiş olunub.
   M.Əliyevin əsərləri modernist üslubu ilə müəllifinə şöhrət gətirib. Çoxşaxəli sənətçi olan həmyerlimiz həm rəssam, həm heykəltəraş, həm də keramikaçıdır. Qaziantep Universitetində müəllimlik fəaliyyəti ilə də məşğul olub.
   Sərgi martın 8-dək davam edəcək.