İyunun 26-dan iyulun 7-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadakı Mərkəzi Rəssamlar Evində Əməkdar rəssam Tahir Məmmədovun rəngkarlıq əsərlərindən ibarət fərdi sərgisi keçiriləcək.
   
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Hidayət oğlu Məmmədov 1946-cı ildə anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1981-ci ildə Moskva şəhərində "Yunost" jurnalının təşkilatçılığı ilə ilk fərdi sərgisi keçirilib. 1992-ci ildə SSRİ Rəssamlıq Akademiyasının diplomu ilə təltif olunub. Həmin il Parisdə "Cite İnternationale Dez Arts" sərgisində fərdi yaradıcılıq sərgisi açılıb. 2001-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Sultan Məhəmməd" mükafatına, həmin il "Ənənəvilik və müasirlik" I Beynəlxalq Foto Müsabiqəsində birinci yerə, 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb.
   Yaradıcılığını təkmilləşdirmək məqsədilə bir neçə il xarici ölkələrdə yaşayıb-yaradan rəssam istər rəngkarlıq janrında, istərsə də bədii fotoqrafiya sahəsində tanınmış sənətkardır. Əsərləri Moskvada Tretyakov qalereyasında, "Şərq Xalqları" muzeyində, Parisdə "Edmon Rozenfeld" qalereyasında, ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.