İyunun 3-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi açılacaq. Sərgidə müəllifin 80-ə yaxın rəngkarlıq və qrafika əsəri nümayiş olunacaq.
Vüqar Muradov Azərbaycan müasir rəngkarlığının nümayəndəsidir. 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Onun əsərləri Azərbaycanda və xarici ölkələrdə tanınıb. Müxtəlif beynəlxalq və yerli sərgilərin iştirakçıdır. Əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və başqa ölkələrdə nümayiş olunub və şəxsi kolleksiyalarda saxlanılır.
O özünün yaradıcılığı boyu hissi işarənin incə vizual strategiyasını işləyib hazırlayır ki, bu da istedadlı rəssamın əsərlərində dərin bir hissin simvoluna çevrilərək hər bir həssas tamaşaçının qəlbinə asanlıqla yol tapır. Onun sənəti həm də sırf dizayn formalizminin dekorativ tapıntılarından uzaqdır. Qərb təsviri sənət məktəbinin rəssamlıq ustalığına yiyələnən rəssam ahəngdar şəkildə öz yaradıcılığında kətanın rəng və işıq izahının yumşaqlığı və bəzən hətta yayğınlığı ilə kompozisiya və təsvir əşyalarının müstəvi üzərində ifası ilə uyğunlaşdırmağı bacarır.
“Rənglərin formulu” Vüqar Muradovun sayca 6-cı sərgisidir.