Heydər Əliyev Sarayında 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü və “Multikulturalizm ili” münasibətilə “Dostluq dünyamız” adlı ümumşəhər mahnı və rəqs festivalı keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirə qatılanlar əvvəlcə istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
İdarənin müdiri Məhəbbət Vəliyeva uşaqları bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, festivalın keçirilməsinin əsas məqsədi xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və ictimaiyyətə tanıtmaq, onlarda vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etməkdir. “Multikulturalizm ili”ndə təşkil olunan tədbir eyni zamanda müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə xidmət edir.
Sonra konsert proqramı təqdim olunub. Proqramda ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin özfəaliyyət kollektivləri çıxış edib.
Şagirdlərin ifasında milli musiqilərimiz səsləndirilib, milli rəqslərimizlə yanaşı, müxtəlif ölkələrin musiqi nömrələri və rəqs nümunələri nümayiş olunub.