İyunun 1-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş konsert təqdim etdi.
Tədbiri Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən musiqili uşaq teatrının baş rejissoru Elşad Rəhimzadə açaraq iştirakçıları salamladı. Qeyd etdi ki, əlamətdar gün münasibətilə şəhərimizin müxtəlif konsert salonlarında, teartlarında uşaqlar üçün tədbirlər təşkil olunur. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təşkil etdiyi konsert də bu qəbildəndir. Sonra səhnə balaca ifaçılara verildi.
Konsert proqramı “Yol rəqsi” ilə açıldı. Uşaq xor kapellasının ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından “Qızların xoru”, “Azərbaycan maralı”, “Şuşanın dağları” mahnıları ifa olundu.
Uşaq Filarmoniyasının rəqs ansamblı “Brilliantı”, “Çobanı”, ”İgidlər”, “Qaval” rəqslərini, habelə hind, moldovan, alman, özbək rəqslərini ifa etdi.
Filarmoniyanın kamera ansamblının təqdimatında D.Şostakoviçin “Vals”, A.Piatsollanın “Tanqo” və s. musiqi nömrələri tamaşaçıların zövqünü oxşadı.

Savalan Fərəcov