İyunun 21-dən 26-dək Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın gənc xanım rəssamlarının əsərlərindən ibarət sərgi keçiriləcək. Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” layihəsi çərçivəsində təşkil olunacaq. Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş ediləcək.
Layihənin həyata keçirilməsində məqsəd təsviri sənət nümunələri vasitəsilə Budapeşt ictimaiyyətinə ölkəmizin təbiət incilərini, memarlıq abidələrini, müasir inkişafını, doğma Qarabağın əsrarəngiz gözəlliklərini tanıtmaqdır. Gənc rəssamların “Qarabağ atları”, “Xudafərin körpüsü”, “Musiqi beşiyimiz” və s. rəsmləri sərginin mahiyyəti barədə aydın təsəvvür yaradır.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirib ki, nümayiş ediləcək əsərlər seçilib və sərginin təşkili üçün hazırlıq işləri başa çatmaq üzrədir.
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi indiyədək QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə dünyanın bir sıra şəhərlərində Azərbaycan mədəniyyətinin, Qarabağın gözəlliklərinin, bütövlükdə ölkəmizin təbliği və tanıdılmasına xidmət edən layihələr reallaşdırıb.