İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından olan Corc Kondonun sərgisinin açılışı olacaq. “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən artıq əsər- rəsmlər, heykəltəraşlıq nümunələri nümayiş olunacaq.
Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatında anadan olub. Massaçusets Universitetində təhsil alıb. Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gəlib. O, amerikan karikaturasından, Avropa portret tarixindən və yunan mifologiyasından ilham alaraq portret janrının araşdırılması ilə məşğul olur, özünəməxsus üslubda “qara yumor”lu əsərlər yaradır. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir.
Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə əsərlər yaratmağa başlayıb.
Rəssamın ABŞ-da və Avropanın bir sıra şəhərlərində sərgiləri keçirilib. Heydər Əliyev Mərkəzindəki sərgi noyabrın 6-dək davam edəcək.