“Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar”

Yarat Müasir İncəsənət Mərkəzində “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilər açılıb.
Mərasimdən əvvəl keçirilən mətbuat konfransında YARAT-ın bədii rəhbəri Byörn Geldhof, baş kuratoru Suad Qarayeva, əsərləri nümayiş etdirilən rəssamlardan danimarkalı Soren Tilo Funder sərgi haqqında məlumat veriblər.
Byörn Geldhof bildirib ki, bu, 2016-cı ildə YARAT Müasir İncəsənət Mərkəzində açılan ilk sərgilərdir. Qeyd edib ki, 2016-cı ilin ilk dörd ayında təxminən 12 min nəfər tədbirlərimizə cəlb edilib: “Çox maraqlı və qürurverici haldır ki, onların əksəriyyəti təhsil layihələri tərəfindən cəlb edilib. Bu o deməkdir ki, bizim izləyicilərimiz və qonaqlar buraya təkcə baxmaq deyil, həm də təhsil proqramlarına və mədəniyyət haqqında müzakirələrə qoşulmaq üçün gəlirlər. YARAT-ın əsas məqsədlərdən biri də məhz budur. “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilər isə bir növ dəvətdir. Bu, sərgiyə insanları cəlb etmək, onların təxəyyüllərini, bacarıqlarını inkişaf etdirmək və müzakirələr aparmaq üçün vacibdir”.
YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Suad Qarayeva “Müqavimət haqqında 300 söz” sərgisi haqqında danışıb: “Bu konseptual sərginin mövzusu iki cür müqavimətin mövcudluğundan irəli gəlir. Müqavimət daxili və ictimai olur. Müqavimət gündəlik həyatımızın prosesidir və vətəndaş cəmiyyəti quruluşunda sosial vəzifə daşıyır”.
Bildirilib ki, təqdim edilən işlər 7 gənc rəssamın (Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Elturan Məmmədov, Habib Saher, Zamir Süleymanov) əsərləridir. Onlar sanki ölkənin gənclərinin düşüncələrini, fikirlərini, əsas mövzularını araşdırıb sərgidə nümayiş etdirirlər. Bu mövzulardan gender münasibətləri, stereotiplərin dəyişməsi, mentalitetin inkişaf etdirilməsi və sosial-siyasi qeyri-sabitliyi qeyd etmək olar: “Lakin sərgi bununla bitmir. Biz Azərbaycan Dövlət Rəsm Qalereyasına öz minnətdarlığımızı bildiririk. Çünki onlar bizə Azərbaycanın 60-cı illər rəssamlarının əksəriyyəti nümayiş etdirilməyən əsərlərini təqdim ediblər”.
Qeyd olunub ki, sərgidə gənc rəssamlarla bərabər sovet dövründə sosialist realizminə qarşı mübarizənin nümayəndələri olmuş 7 modern fırça ustasının - Ənvər Əsgərov, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tələt Şıxəliyev, Rasim Babayev, Eldar Ağamalov və Tahir Salahovun əsərləri nümayiş olunur.
Nümayiş etdirilən yeni əsərlər XX əsrin 60-cı illərinin rəssamları tərəfindən yaradılmış köhnə əsərlərə üz tutur, onlarla söhbətləşir. Əksəriyyəti indiyəcən sərgilənməmiş həmin modern incəsənət əsərləri sovet dönəmində meydana gəlmiş müqaviməti - sosialist realizminə və təbliğat incəsənətinə zidd çıxmağı əks etdirir. Modern incəsənət ustaları indi də yeni nəsil ölkə rəssamlarının ilham mənbəyini və etibarlı bünövrəsini təşkil edirlər.
Müqavimətin fenomenal təzahürünü Aida Mahmudovanın “Adsız” adlı əsərində görmək olar. Əsasən, tənzif parçasından hazırlanmış onun bu yeni əsəri fərdi mübarizənin elə cismani ifadəsidir ki, nəhəng nisbi ölçüsünə görə yerləşdiyi məkanı doldurması vasitəsilə seyrçilərlə paylaşmış olur. İfrat cisimliyinə görə bu instalyasiya Rasim Babayevin “Torpaq neft ilə zəngindir” (1976) adlı ekspressionist əsəri ilə səsləşir.
“Kiçik yalanlar” adlı sərgidə David Klaerbout (Belçika) və Soren Tilo Funderin (Danimarka) videoəsərləri təqdim edilib. Bu sərgi iki rəssamın seçilmiş əsərləri vasitəsilə insanın fiziki reallıq hüdudlarını işıqlandırır, həmin reallığın təzahürlərində sosial müəmmaları təqdim etmək imkanlarını nümayiş etdirir.
Rəssam Soren Tilo Funder bildirib ki, “Kiçik yalanlar” xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə bir səyahətdir. Bu sərgi XX əsrin iki ən böyük siyasi “həqiqət”ini - addımbaşı səslənən yalanlara, saxta qəhrəman obrazlarına və qondarma metaforalara müraciət edən iki siyasi təcrübəni qarşı-qarşıya çıxarıb toqquşdurur.
Hər iki sərgi oktyabrın 9-dək davam edəcək.